ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparıb və söhbətin təfərrüatlarını Truth Social platformasında bölüşüb. Həmin paylaşım sonradan silinsə də, internetdə skrinşotu qalmaqda davam edir və yazı sonradan yenidən dərc olunub.
Tramp söhbətin təxminən 1 saat 15 dəqiqə davam etdiyini qeyd edib. Onların əsas müzakirə mövzusu Ukraynanın Rusiya aerodromlarına endirdiyi hücumlar və son dövrlərdə baş verən qarşılıqlı zərbələr olub.
“Bu, yaxşı bir söhbət idi, lakin dərhal sülhə gətirib çıxaracaq söhbət deyil,” – Tramp bildirib.
Ən diqqətçəkən məqam isə Putinin Trampa “çox qəti şəkildə” bildirməsi olub ki, “son hücumlara cavab verməyə məcbur olacaq”.
Danışıq zamanı İran məsələsi də gündəmə gəlib. Tramp bəyan edib ki, İranın nüvə silahına sahib olmaması mövzusunda Putinə xəbərdarlıq edib və bu məsələdə ortaq mövqe əldə olunduğunu iddia edib:“Putin İranla danışıqlara getməyi və problemin tez bir zamanda həllinə kömək etməyi təklif etdi,” – deyə Tramp vurğulayıb.
Qeyd edək ki, Tramp sonuncu dəfə mayın 19-da Putinlə danışdığını və bundan sonra Ukrayna ilə Rusiya arasında dərhal sülh danışıqlarına başlanacağını bəyan etmişdi.
Bu arada NATO “Veb” adlı xüsusi əməliyyatı uğurlu qiymətləndirib. Bu əməliyyat nəticəsində onlarla Rusiya təyyarəsi məhv edilib. ABŞ administrasiyası isə Ukraynanın son hücumlarının bölgədə risk səviyyəsini artırdığını bildirib.