Putin-Tramp razılaşması başa çatdı - Ukrayna enerji infrastrukturu yenidən hədəfdə

Mart ayının ortalarında, dünya ictimaiyyətinin diqqətini cəlb edən nadir diplomatik addımlardan biri baş vermişdi. Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-ın prezidenti Donald Tramp arasında baş tutan telefon danışığından sonra Rusiya, Ukraynanın enerji infrastrukturuna qarşı hücumlara 30 günlük moratorium elan etmişdi. Lakin bu qərarın müddəti artıq başa çatıb və gərginliyin yenidən artması ehtimalı yüksəkdir.

Kremlin sözçüsü Dmitri Peskov bu gün keçirdiyi mətbuat konfransında moratoriumun rəsmi şəkildə bitdiyini təsdiqləyib. Onun sözlərinə görə, bu müddət ərzində Prezident Putindən əlavə heç bir göstəriş verilməyib və hərbi əməliyyatların davamı ilə bağlı qərarlar yalnız Ali Baş Komandana məxsusdur.

Bu müvəqqəti atəşkəs qərarı Donald Trampın münaqişədə vasitəçi kimi çıxış etmə cəhdlərinin nəticəsi idi. Lakin həm Rusiya, həm də Ukrayna tərəfi bu atəşkəsin müxtəlif vaxtlarda pozulduğunu iddia ediblər. Ukrayna Prezidenti Vladimir Zelenski isə daha açıq şəkildə bildirib ki, Kreml heç vaxt bu moratoriumu ciddi qəbul etməyib:“Putinin sözlərinə baxmayaraq, Rusiya Ukraynanın enerji obyektlərinə zərbələr endirməyə davam etdi,” – deyə Zelenski bildirib.

Moratoriumun başa çatması, Rusiyanın Ukraynanın enerji infrastrukturuna qarşı genişmiqyaslı hücumlara yenidən başlaya biləcəyi ehtimalını artırır.