Rusiya prezidenti Vladimir Putin, Rusiya Quru Qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukovu vəzifəsindən azad edib.
"Bizimxeber" bildirir ki, bu barədə Rusiya mətbuatı prezidentin imzaladığı müvafiq fərmanlara istinadən məlumat yayıb.
Salyukov, cəmi bir neçə gün əvvəl, mayın 9-da Moskvada keçirilən hərbi Qələbə Paradına rəhbərlik etmişdi. Lakin Kreml onun vəzifədən azad olunması ilə bağlı rəsmi səbəb açıqlamayıb.
Yeni qərarla, o, Təhlükəsizlik Şurasında katib müavini vəzifəsinə təyin olunub. Bu strukturun hazırkı rəhbəri isə keçmiş müdafiə naziri Sergey Şoyqudur. Beləliklə, Salyukov müdafiə nazirliyindən çıxarılaraq siyasi-hərbi idarəetmə orqanına Təhlükəsizlik Şurasına transfer edilib.
Qeyd edək ki, general Oleq Salyukovun 70 yaşı mayın 21-də tamam olur. Bu isə Rusiyada hərbi qulluq üçün qanunla müəyyən edilmiş maksimum yaş həddidir. Onun yaş limitinə görə vəzifədən uzaqlaşdırıldığı ehtimal olunur.
Hazırda Rusiya Quru Qoşunlarının yeni baş komandanının kim olacağı barədə rəsmi məlumat açıqlanmayıb.