Qəzzalılar HƏMAS-a qarşı qiyam qaldırıb - “Müharibəni dayandırın” və “Biz sülh istəyirik”

/BX LiveBLOG/

Qəzza zolağının şimalında yüzlərlə fələstinli İsraillə hərbi əməliyyatlara son qoyulmasını tələb edərək kütləvi etiraz aksiyası keçirib.

"Bizimxeber" yazır ki, bu, 2023-cü il oktyabrın 7-də İsrailin işğalından sonra bölgədə HƏMAS əleyhinə təşkil olunan ən böyük nümayişlərdən biri hesab olunur.

Beyt Lahiyada keçirilən aksiyada insanlar HƏMAS-ı tənqid edən şüarlar səsləndiriblər. Nümayişçilər İndoneziya xəstəxanasının qarşısına toplaşaraq “Müharibəni dayandırın” və “Biz sülh istəyirik” yazılmış plakatlar qaldırıblar. İsrail Hərbi Hava Qüvvələrinin yenidən bombardmana başlamasından bir həftə sonra etirazların baş qaldırması yerli əhalinin müharibədən yorulduğunu və sülh istədiyini göstərir.

Bundan əvvəl İsrail ordusunun Qəzza zolağının cənubuna endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın siyasi bürosunun üzvü İsmayıl Bərhum öldürülmüşdü. O, hərəkatın maliyyə aktivlərinə cavabdeh olan əsas şəxslərdən biri idi və bir ildən çox idi ki, Britaniyanın sanksiya siyahısında yer alırdı.

Fələstin prezidenti Mahmud Abbas isə İsrail hakimiyyətini fələstinlilərə işgəncə verməkdə, onları sudan və humanitar yardımdan məhrum etməkdə ittiham edib. Onun sözlərinə görə, bölgədə bir çox uşaq susuzluq, ərzaq və dərman çatışmazlığı səbəbindən həyatını itirir. /Bizimxeber - Live BLOG/