Polşa İspaniyadan Azərbaycana gələn Boeing-in təkərlərini müsadirə etdi

Polşanın gömrük orqanları Belarus və Rusiya ərazisindən keçərək tranzitlə daşınmalı olan 5 tonluq Boeing mülki təyyarə təkərlərini ələ keçirib.

Reuters agentliyinin Polşanın Milli Vergi Administrasiyasına istinadla verdiyi məlumata görə, Koroşçin sərhəd keçid məntəqəsində gömrük əməkdaşları yük maşınına baxış zamanı sənədlərdə avtomobil və avtobus təkərləri kimi qeyd olunan yükün əslində mülki aviasiyada istifadə edilən Boeing təyyarə təkərləri olduğunu müəyyən ediblər.

Araşdırma nəticəsində məlum olub ki, yük İspaniyadan göndərilib və onu qəbul edəcək şirkət Azərbaycanda yerləşir. Gömrük orqanları bu faktı sanksiyaların pozulması və dələduzluq kimi qiymətləndirərək cinayət işi açıb. Sanksiya tətbiq edilən mallar isə müsadirə olunub.