Polşa ABŞ-dan 6 milyard dollarlıq Patriot raketləri almaq istəyir

Avropada təhlükəsizlik narahatlıqları fonunda Polşa silahlı qüvvələrini gücləndirmək üçün növbəti ciddi addımı atır. Ölkə, ABŞ-dan Patriot hava hücumundan müdafiə sistemi üçün təxminən 800 raket almağa çalışır. Məlumatı Defence24.pl yayıb.

Polşanın müraciəti 788 ədəd PAC-2 GEM-T (Guidance Enhanced Missile-Tactical) raketinin alınmasını nəzərdə tutur. Bu raketlər hava və raket hücumlarına qarşı müdafiə üçün istifadə olunur və satınalmanın ümumi dəyəri 5,8 milyard dollar civarında qiymətləndirilir.

Bu tip alışlar ABŞ-ın Xarici Hərbi Satışlar (FMS) proqramı çərçivəsində həyata keçirilir. Prosedura uyğun olaraq, ABŞ Konqresinin təsdiqi tələb olunur. Təsdiqdən sonra isə ərizə Dövlət Departamentinə göndərilir və oradan DSCA (Defense Security Cooperation Agency) vasitəsilə yekun qərar elan olunur.

Polşanın bu addımı, xüsusilə də Rusiya-Ukrayna müharibəsi fonunda, NATO-nun şərq cinahında müdafiə qabiliyyətini gücləndirmək məqsədi daşıyır.