Pekini nadir qasırğa bürüdü: Tarixi yerlər bağlandı, yüzlərlə reys ləğv edildi

Çinin paytaxtı Pekin nadir hava hadisəsinin təsiri altına düşərək güclü küləklər, dolu, qar və qum fırtınaları ilə qarşılaşıb.

Qasırğa şimal bölgələrini bürüyüb, bu isə şəhərdəki tarixi abidələrin bağlanmasına, yüzlərlə aviareysin ləğvinə və insanların səyahətlərini dayandırmasına səbəb olub.

Qonşu Monqolustandan gələn və temperaturu 12 dərəcə aşağı salan soyuq burulğan şəhərdə küləklərin sürətini 150 km/saatadək çatdırıb. Bəzi ərazilərə qar və dolu yağıb.

Rəsmi Sinxua xəbər agentliyinin məlumatına görə, cümə günü başlayan və həftə sonuna qədər davam edəcək bu ekstremal hava şəraiti ölkənin bir çox bölgəsində ciddi fəsadlar törədib. Daxili Monqolustandan Yantszı çayı bölgəsinə qədər uzanan ərazidə qum fırtınaları səkkiz əyalətdə yol hərəkətinə ciddi maneələr yaradıb.

Pekin şəhər hakimiyyəti sakinləri xəbərdar edərək, vacib olmayan səfərlərdən çəkinməyə çağırıb.

Qeyd olunur ki, bu güclü küləklər son on ildə ilk dəfə 1951-ci ilin aprel rekordlarını aşa bilər. Buna görə paytaxtda ikinci ən yüksək səviyyəli külək xəbərdarlığı elan edilib.

Səhər saat 11:30-a qədər Pekinin iki əsas hava limanında 838 reysin ləğv edildiyi bildirilib. Bununla yanaşı, bir çox park və turistik məkanlar bağlanıb, köhnə ağaclar isə güclü küləyə qarşı qabaqlayıcı tədbir olaraq kəsilib.

Bazar günü keçirilməsi planlaşdırılan və Çinin texnoloji tərəqqilərini nümayiş etdirmək məqsədi daşıyan yarım marafon da təxirə salınıb. Marafonda insanabənzər robotlar da iştirak etməli idi.