Paris donur - Dolu yağdı, küçələr buz topaları ilə doldu

 

Fransanın paytaxtı Paris mayın ilk günlərini bahar istiləri ilə qarşılamışdı. Mayın 3-də şəhər sakinləri və turistlər təbiətin sərt sürprizi ilə üzləşib. Beş günlük istilərdən sonra Parisdə kəskin hava dəyişiklikləri baş verib, güclü dolu, sürətli küləklər və ani temperatur enişi şəhərdə xaotik mənzərə yaranıb.

“Le Figaro” və “European Truth” xəbər verir ki, qısa, lakin olduqca güclü fırtına zamanı Parisdə diametri 4 sm-ə çatan dolu yağıb. Şəhərin küçələri sanki buz topları ilə örtülüb. Bir neçə dəqiqə ərzində hava temperaturu 27°C-dən 15°C-yə enərək şəhərdə gözlənilməz soyuqluq yaradıb.

Fırtına ilə birlikdə saatda 90 km-ə çatan güclü küləklər müşahidə olunub. Ağacların budaqları qırılıb, şəhərin bəzi bölgələrində kiçik dağıntılar qeydə alınıb. Yerli hakimiyyət orqanları və fövqəladə hallar xidməti sakinləri diqqətli olmağa çağırıb.

Meteoroloqlar xəbərdarlıq edir ki, bu, hələ başlanğıcdır. Bazar günü və növbəti həftənin əvvəlində də Fransanın bir sıra bölgələrində soyuq hava, dolu və tufanlar gözlənilir. Temperatur normadan xeyli aşağı olacaq. Xüsusilə ölkənin şimal-şərq və mərkəzi bölgələrində səhər şaxtaları ehtimal edilir.

Fransa ilə yanaşı, İtaliyanın şimalı da qeyri-sabit hava şəraitinin təsirinə düşüb. Daşqın təhlükəsi ilə əlaqədar 100-dən çox bələdiyyə yüksək xəbərdarlıq səviyyəsinə keçib. Əlverişsiz hava nəticəsində bir neçə nəfər həyatını itirib. Məlumata görə, sərnişinləri olan bir avtomobil yol şəraiti səbəbilə dərəyə yuvarlanıb.