Britaniya monarxı Kral III Karl gizli şəkildə Vatikanı ziyarət edib və Papa I Fransiski vəfat etməzdən əvvəl son dəfə canlı görənlərdən biri olub.
"Bizimxeber Live BLOG"un məlumatına görə, kral və kraliça Kamillanın İtaliyaya səfəri çərçivəsində, öncədən elan edilmədən baş tutub.
CNN mənbələrinin məlumatına görə, Papa Fransiskin səhhəti çox pis olduğu üçün onun kral ilə görüşə biləcəyi son ana qədər məlum olmayıb. Lakin aprelin 9-u axşam saatlarında pontifik özü kral və kraliçanı görüşə dəvət etməyi xahiş edib.
Görüş təxminən 20 dəqiqə davam edib. Görüşün konkret məzmunu açıqlanmasa da, güman edilir ki, Papa Karl və Kamillanı evliliklərinin 20 illiyi münasibətilə təbrik edib. Rəsmi fotolarda kralın pontifikə kiçik qırmızı qutu hədiyyə etdiyi görünür.
Şahzadə Endrünün yeni hobbisi və “Royal Lodge-un mühasirəsi”
The Mirror yazır ki, kralın kiçik qardaşı, York hersoqu Şahzadə Endryu bağçılığa maraq salıb. Bu yeni hobbi, kral ailəsi bioqraflarının "Royal Lodge-un mühasirəsi" adlandırdığı bir gərginlik fonunda meydana çıxıb.
Kral III Karl uzun müddətdir ki, Endryu və onun keçmiş həyat yoldaşı Sara Ferqyusonu Vindzor yaxınlığındakı 30 otaqlı “Royal Lodge” iqamətgahından çıxarmağa çalışır. İllərlə baxımsız qalan malikanə bərbad vəziyyətdədir və onu bərpa etmək üçün azı 2 milyon funt sterlinq tələb olunur. Monarx Endryuya Harri və Meqanın ABŞ-a köçməmişdən əvvəl yaşadıqları Frogmor Kottecini təklif etsə də, o, bu təklifə qəti imtina verib.
Endryu yaxın dostlarına bildirib ki, "heç yerə getmir". O, həm krala, həm də “Royal Lodge”un sahibi olan Kral Korporasiyasına 2002-ci ildə 75 illik “dəmir” icarə müqaviləsi imzaladığını xatırladıb.
Onun bu mülkü bərpa etməyə maliyyəsinin olub-olmadığı məlum deyil. Xatırladaq ki, o, 2022-ci ildə 17 yaşında olduğu zaman onu cinsi istismarda ittiham edən Virciniya Cuffre ilə məhkəmə işini 12 milyon funt sterlinqlə razılaşdıraraq həll etmişdi.
II Yelizavetanın ölümündən sonra kral ailəsində müəyyən münasibət istiləşməsi müşahidə olunur. York hersoqu kral ailəsinin Pasxa bayramı mərasiminə dəvət olunub. The Mirror yazır ki, o, hazırda bağçılıqla məşğuldur və bəlkə də “Royal Lodge”un təmirinə şəxsən nəzarət edəcək.
Şahzadə Harri ilə bağlı qəbul edilən qərar
Kral ailəsi bioqrafları bildirir ki, Şahzadə Uilyam əmisi Şahzadə Endryuya qarşı çox soyuq münasibət göstərir. Onun sözləri ilə desək, “Uilyamın ona vaxtı yoxdur.” Bioqraflar bildirirlər ki, Uilyam taxta çıxdıqda – yəni Kral V Uilyam olduqda – York hersoqu saraydan qovulacaq. Eyni aqibət Şahzadə Harrini də gözləyir.
Kral bioqrafı Riçard Fitsvilliam bildirib ki, Uilyam qardaşı Harri ilə bağlı məsələyə artıq biganə yanaşır. Üstəlik, o, Harrinin və Meqanın keçmiş şəxsi katibi Ceyson Knauf-u “Earthshot Prize” (təbiəti qorumağa yönəlmiş layihələr üçün yaradılmış, 1 milyon funt sterlinqlik mükafat) layihəsinə direktor təyin edib. Knauf bir vaxtlar Meqan Marklın xidmətçilərə qarşı kobud davrandığını mətbuata sızdırmış və ona qarşı rəsmi şikayət təqdim etmişdi.
The Mirror qeyd edir ki, Harri ailəsi ilə barışmağa çalışsa da, atası – kral III Karl onun zənglərinə cavab vermir, varis qardaşı isə ona heç bir şəkildə reaksiya göstərmir. Kral bioqraflarının fikrincə, artıq Harri və Meqanla bağlı “qərar qəbul olunub”.