Papa Fransisk 88 yaşında öldü - Vatikan hüzn içində

Vatikanın yaydığı rəsmi açıqlamaya əsasən, Katolik dünyasının lideri, Papa Fransisk 88 yaşında vəfat edib. O, Pasxa bazarının ertəsi günü, səhər saatlarında, Roma vaxtı ilə 07:35-də son nəfəsini verib. Məlumatı Vatikanın Telegram kanalında Kardinal Kevin Farrell elan edib:

“Əziz qardaşlar və bacılar, dərin kədər hissi ilə Müqəddəs Atamız Fransiskin vəfatını elan etməliyəm. Onun bütün həyatı Rəbbə və Onun kilsəsinə xidmətə həsr olunmuşdu”.

Papa Fransiskin vəfatı, Pasxa bazarında Müqəddəs Pyotr Meydanında etdiyi çıxışdan yalnız bir gün sonra baş verib. O, hər il olduğu kimi, bu il də ənənəvi “Urbi et Orbi” – “Şəhərə və Dünyaya” müraciəti ilə dünyaya sülh, tolerantlıq və azad düşüncə çağırışı etmişdi. Minlərlə insanın iştirak etdiyi bu ibadət onun həyatda verdiyi son böyük xeyir-dua kimi yadda qalacaq.

Papa Fransisk sətəlcəmdən əziyyət çəkirdi. Həkimlərin tövsiyəsinə əsasən, o xəstəxanaya yerləşdirilmişdi və oradan buraxılsa da, tam sağalma mərhələsində olduğu bildirilirdi. Lakin yaş və zəifləmiş immun sistemi onun vəziyyətini çətinləşdirib.

Papa Fransisk – əsl adı Xorxe Mario Berqoglio – Argentinada doğulmuş ilk Papa idi və Latın Amerikasından seçilən ilk Katolik lider kimi tarixə düşdü. O, kasıblara yaxınlığı, ətraf mühitin qorunması, sosial ədalət, dinlərarası dialoq və müasir dünyada Kilsənin islahatları ilə yadda qaldı.

Dünya liderləri, ruhani şəxslər və milyonlarla katolik onun vəfatı ilə bağlı başsağlığı mesajları paylaşır. Onun xatirəsi Kilsə tarixində humanizm, sadəlik və qlobal dialoq çağırışı kimi qalacaq.

Vatikan yaxın günlərdə Papa Fransiskin dəfn mərasimini elan edəcək. Minlərlə insanın Roma şəhərinə axışacağı və Müqəddəs Pyotr Meydanında Papa ilə vidalaşacağı gözlənilir.