Pakistan və Hindistana getməyin" -Britaniya və Çin vətəndaşlarına xəbərdarlıq etdi

Pakistan və Hindistan arasında artmaqda olan gərginlik beynəlxalq səviyyədə narahatlıq doğurmağa davam edir. Bu çərçivədə həm Böyük Britaniya, həm də Çin hökumətləri öz vətəndaşlarına bölgədəki təhlükəli vəziyyətlə bağlı səyahət xəbərdarlıqları ediblər.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən yayımlanan yenilənmiş səyahət xəbərdarlığında bildirilir ki, vətəndaşlar Hindistan-Pakistan sərhədindən 10 km, Nəzarət Xəttindən (LoC) isə 16 km məsafəyə qədər ərazilərə səyahət etməməlidirlər. Məsləhətdə qeyd olunur ki, artan hərbi aktivlik və münaqişə riski bu bölgələri xüsusilə təhlükəli edir.

Eyni zamanda, Britaniya vətəndaşlarına Hindistanda yerləşən və həssas bölgələr hesab olunan işğal altındakı Kəşmir və şimal-şərqdəki Manipur əyalətlərinə lazımsız səfərlərdən çəkinmək tövsiyə olunub. 

Böyük Britaniya hökuməti, həmçinin son günlərdə hərbi səbəblərlə bağlandığı bildirilən Wagah-Attari sərhədinə yaxınlaşmaq cəhdlərinə qarşı ciddi xəbərdarlıq edib.

Çin Xarici İşlər Nazirliyi də oxşar məzmunda səyahət xəbərdarlığı yayaraq vətəndaşlarını münaqişənin təsir dairəsində olan bölgələrdən uzaq durmağa çağırıb. Nazirliyin sözçüsü bildirib:"Biz Pakistan və Hindistan arasındakı vəziyyəti diqqətlə izləyirik və vətəndaşlarımızı yüksək riskli ərazilərə səfər etməməyə çağırırıq."

Həm London, həm də Pekin, bölgədəki gərginliyin azaltması üçün hər iki tərəfi təmkinli olmağa çağırıb. Onlar vətəndaşlarının təhlükəsizliyinə önəm verdiklərini vurğulayıblar və real vaxt məlumatlarının izlənməsi üçün səyahətçilərə öz ölkələrinin rəsmi kanallarına güvənmələrini tövsiyə ediblər.