Pakistan Federal İnformasiya və Yayım Naziri Attaullah Tarar bildirib ki, Pakistan Hindistanın gecə saatlarında həyata keçirdiyi sərhədyanı təcavüzə beynəlxalq müharibə qanunlarına uyğun şəkildə yalnız hərbi obyektləri hədəfə almaqla cavab verib.
Mətbuata açıqlama verən Tarar, Pakistan Hərbi Hava Qüvvələrinin (PAF) pilotsuz təyyarə də daxil olmaqla beş Hindistan təyyarəsini vurduğunu və LoC (Nəzarət Xətti) boyunca bir neçə hərbi postu məhv etdiyini bildirib. “Düşmən gecənin qaranlığında məscid və mədrəsələr də daxil olmaqla günahsız mülki vətəndaşları hədəf aldı. Ancaq Pakistanın cavabı əhatəli və məsuliyyətli idi. Biz yalnız hərbi mövqeləri və təcavüzkar təyyarələri hədəf aldıq”, – deyə Tarar vurğulayıb.
Nazir qeyd edib ki, Hindistan Ordusu Chora Kompleksi daxil olmaqla bir neçə mövqedə ağ bayraq qaldırmağa məcbur olub, bu isə açıq şəkildə geri çəkilmə və məğlubiyyətin etirafı deməkdir. Onun sözlərinə görə, hətta Hindistan mediası qəzaya uğrayan hərbi təyyarələrinin görüntülərini yayımlayıb:“Artıq həqiqəti gizlətmək mümkün deyil.”
Atta Tarar bildirib ki, Baş nazir Şehbaz Şərif vəziyyəti bütün gecə boyunca şəxsən izləyib və mütəmadi olaraq hərbi rəhbərlikdən məlumat alıb. Hadisələrin dəyərləndirilməsi və Pakistanın növbəti diplomatik-strateji addımlarının müəyyən edilməsi üçün səhər saat 10-da Milli Təhlükəsizlik Komitəsinin (MTK) fövqəladə iclası çağırılıb.
“Pakistan xalqı silahlı qüvvələrlə çiyin-çiyinədir”
Milli birlik mesajı verən nazir deyib ki, Pakistan xalqının duaları və mənəvi dəstəyi silahlı qüvvələrə üstünlük qazanmaqda güc və ruh verib: “Pakistan xalqı birləşəndə istənilən düşmənə layiqli cavab verir. Bu gün biz ordumuz, donanmamız və hava qüvvələrimizin cəsur əsgərləri ilə fəxr edirik”.
Hindistan sübut təqdim edə bilmədi
Nazir həmçinin Hindistanın Pahalqam hadisəsi ilə bağlı Pakistanı ittiham etməsini rədd edib və bildirib ki, bu iddialar heç bir sübuta əsaslanmır:
“Onların təbliğatı artıq iflasa uğrayıb. Dünya indi həqiqəti görür.”
Nazir bəyanatını belə yekunlaşdırıb: “Pakistan təmkin və hüquqa əsaslanan davranışı ilə dünyadan alqış qazandı. Hindistanın rüsvayçılığı təkcə hərbi uğursuzluqda deyil, həm də indi beynəlxalq ictimaiyyət qarşısında ağ bayraq qaldırmaq məcburiyyətində qalmasındadır”.