Özbəkistanda Rusiyanın "Rutube" videohostinqini də blokladı

Özbəkistanda Rusiyaya məxsus videohostinq platforması olan Rutube-ə giriş məhdudlaşdırılıb. İstifadəçilər sayta daxil olmaqda çətinlik çəkirlər və platformadan istifadə edə bilmirlər. Ölkənin rəsmi dairələri – o cümlədən informasiya və kommunikasiya sahəsinə cavabdeh orqanlar hələlik vəziyyətə münasibət bildirməyiblər.

Rutube-ə daxil olmağa çalışan istifadəçiləri qarşılayan bildirişdə, Nazirlər Kabinetinin 2018-ci ilin sentyabrında qəbul etdiyi qərara istinad olunur. Qərarda göstərilir ki, müharibə, zorakılıq və terrorizmin təbliği, habelə milli, irqi, etnik və dini nifrəti qızışdıran məlumatların yayıldığı hallarda informasiya resurslarına giriş məhdudlaşdırıla bilər. Rutube-in bu əsasla bloklandığı ehtimal edilir.

Bu hadisə Özbəkistanda son illərdə müşahidə olunan internet azadlıqlarının məhdudlaşdırılması prosesinin davamı kimi dəyərləndirilir. 2021-ci ildə də bir sıra populyar platformalara, o cümlədən VKontakte, X (əvvəlki Twitter), Telegram, TikTok və YouTube-a çıxış ya tamamilə bağlanmış, ya da ciddi şəkildə məhdudlaşdırılmışdı.

Bu arada, Latviya hakimiyyəti də ölkə ərazisində bütün Rusiya mənşəli Telegram kanallarını bloklamaq qərarına gəlib. Riqanın bu qərarı, ölkədə rus dilinin təsirini azaltmaq və Kremlə yaxın mənbələrdən yayılan təbliğat materiallarını neytrallaşdırmaq məqsədi daşıyır. Hakimiyyət orqanları məşhur messencerdə rus kanallarını aşkarlamaq və onları bloklamaq üçün ayrıca nəzarət mexanizmi qurmaq istəyir.

Rusiyanın media və informasiya nəzarət orqanı Roskomnadzor, bu proseslərə reaksiya olaraq 373 mindən çox nəşrin və Telegram kanalının platformadan silindiyini açıqlayıb. Qurum həmçinin xarici agent kimi tanınan "VChK-OGPU" kanalına qarşı da tədbirlər görülməsini tələb edib – bu kanal ekstremizm əlamətləri və yalan məlumatların yayılması ilə ittiham olunur.

Hazırda həm Özbəkistan, həm də Baltikyanı ölkələrdə Rusiya mənşəli media və platformalara qarşı sərt addımlar müşahidə edilir.