Özbəkistanda "ailə həkimi" sistemi yaradılır - Prezident yüksək maaş vəd etdi

Özbəkistan həkim və tibb bacılarına ixtisasartırma və xəstəliklərin qarşısının alınmasında fəal iştirak müqabilində əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılmasını təklif etməklə ilkin səhiyyənin inkişafını stimullaşdırmaq niyyətindədir. Bu barədə ölkə prezidenti Şavkat Mirziyoyev məlumat verib.

Yeni sistemə əsasən, ailə həkiminin baza maaşı ayda 500 ABŞ dolları, tibb bacısı isə 300 dollar olacaq. Bununla belə, həkim və tibb bacısı sertifikatlaşdırmadan uğurla keçsələr və öz ixtisaslarını təsdiq edərlərsə, onların əmək haqqı iki dəfə artaraq müvafiq olaraq 1000 və 600 dollara çatacaq.

Bundan başqa, həkim və tibb bacılarına xroniki xəstələrlə işləmək, onlara xəstəliklərin idarə olunması üzrə təlim keçmək, xərçəng, şəkərli diabet, insult və infarkt kimi təhlükəli xəstəliklərin erkən aşkarlanması, fəsadların qarşısının alınması, təcili yardım və xəstəxanaların yükünün azaldılması üçün əlavə ödənişlər verilir. Belə iş üçün həkimlər əlavə 500 dollar, tibb bacıları isə 300 dollar ala biləcəklər.

Beləliklə, ailə həkimləri ayda 1500 dollara, tibb bacıları isə 600-800 dollara qədər maaş ala biləcəklər.

"Biz elə bir sistem yaradacağıq ki, ailə həkimləri ayda 1500 dollar, tibb bacıları isə 600-800 dollar alacaqlar. Bunun sayəsində biz təkcə maaşı deyil, həm də insanın dəyərini artıracağıq. Lakin nəticə buna uyğun olmalıdır " , - Mirziyoyev bildirib.