Orta Asiya liderlərinin KKTC ilə bağlı bəyanatı Türkiyəyə xəyanətdir - Ardı Zentürk

Türkiyənin tanınmış hərbi müxbiri Ardı Zentürk, Mərkəzi Asiyanın türkdilli dövlətlərinin Şimali Kiprin türk idarəçiliyinə qarşı mövqeyini sərgiləyən birgə bəyanaməsini kəskin şəkildə tənqid edib. Zentürk bu addımı Türkiyəyə xəyanət və ciddi geosiyasi zərbə kimi qiymətləndirib.

Sözügedən bəyanat 3-4 aprel tarixlərində Səmərqənddə keçirilən Mərkəzi Asiya–Avropa İttifaqı sammiti çərçivəsində Qazaxıstan, Özbəkistan və Türkmənistan liderləri tərəfindən imzalanıb. Bəyanatda BMT Təhlükəsizlik Şurasının 541 (1983) və 550 (1984) saylı qətnamələrinə dəstək ifadə olunub. Bu qətnamələr Şimali Kiprin müstəqilliyini tanımamağı və yalnız Kipr Respublikasının rəsmi olaraq tanınmasını nəzərdə tutur.

Mediada və ekspert dairələrində bu addım “türk dünyasında parçalanma” riski kimi qiymətləndirilib. Müşahidəçilər hesab edir ki, Avropa İttifaqı ilə yaxınlaşmaq istəyən Orta Asiya dövlətləri Türkiyənin strateji maraqlarına zidd qərar qəbul ediblər.

Tanınmamış Kipr Türk Cümhuriyyətinin (KKTC) nəqliyyat naziri və Dirçəliş Partiyasının lideri Erhan Erikçi də bəyanatı sərt şəkildə tənqid edib. O, Ankaranı bu dövlətlərə qarşı “tədbir görməyə” çağırıb: “Bu açıq şəkildə Türkiyəyə arxadan zərbədir".

Qazaxıstan, Türkmənistan və Özbəkistan bəyanatda Kipr Respublikasının (yunan hissəsi) suverenliyini tanıdıqlarını təsdiqləyib və Avropa İttifaqı ilə əlaqələr çərçivəsində birbaşa diplomatik münasibətlər qurmaq niyyətlərini açıqlayıblar. Artıq üç ölkə Kiprdə daimi səfirliklər açmaq və səfirlər təyin etmək barədə razılığa gəlib.