Neytral Avstriya Ukraynadakı sülhməramlı missiyasına qoşulacaq

Avstriyanın müdafiə naziri Klaudiya Tanner ölkəsinin Ukraynada yerləşdirilməsi mümkün olan beynəlxalq sülhməramlı missiyaya qatılmasını istisna etməyib. 

"Bizimxeber" bildirir ki, bu barədə nazir Almaniyanın Welt nəşrinə verdiyi müsahibəsində danışıb.

Nazir qeyd edib ki, Avstriya Silahlı Qüvvələri mürəkkəb beynəlxalq əməliyyatlarda iştirak etməyə qadirdir. Bununla belə, ölkənin belə bir missiyada iştirak edib-etməyəcəyi konkret şərtlərdən asılı olacaq. 

"Hər şey mandatın nədən ibarət olacağından, bizim iştirak imkanlarımızın olub-olmamasından və ümumiyyətlə, təcrübəmizə ehtiyac duyulub-duyulmamasından asılıdır", – deyə Klaudiya Tanner bildirib. 

Buna baxmayaraq, o, Avstriyanın lazım gəldiyi təqdirdə Ukraynada sülhməramlı missiyada iştirakını istisna etmədiyini açıq şəkildə vurğulayıb: “Lakin mən istisna etmirəm ki, biz lazım gələrsə, Ukraynada sülhməramlı missiyada iştirak edəcəyik”.

Tanner eyni zamanda qeyd edib ki, Avstriya hazırda Böyük Britaniya və Fransanın liderlik etdiyi və Ukraynaya dəstək üçün yaradılmış “Qətiyyətlilər Koalisiyası” çərçivəsində aparılan danışıqlarda iştirak etmir. 

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron da yaxın günlərdə Ukraynada əcnəbi qoşunların yerləşdirilməsi ideyasını dəstəklədiyini bildirmişdi. Xarici döyüşçülərin mümkün sayı ilə bağlı suala cavab olaraq Makron deyib: “Bu, bir neçə min ola bilər, amma bir neçə yüz min deyil”.

Bu açıqlamalar, Ukraynada davam edən müharibənin fonunda beynəlxalq hərbi mövcudluğun artması ehtimalını gündəmə gətirir.