NATO Rusiyanın kosmosda nüvə silahı yerləşdirə biləcəyindən narahatdır

NATO-nun baş katibi Mark Rutte Rusiyanın kosmosda nüvə silahı yerləşdirmə imkanlarını nəzərdən keçirməsindən ciddi narahatlığını ifadə edib. O, bu barədə Almaniyanın Welt am Sonntag qəzetinə müsahibəsində danışıb. 

“Rusiyanın peyklərə qarşı nüvə silahı yerləşdirmə ehtimalı barədə xəbərlərdən xəbərdarıq. Bu, çox narahatedici tendensiyadır”, – deyə Rutte bildirib.

Baş katibin sözlərinə görə, Moskvanın hazırkı kosmik texnologiyaları Qərblə müqayisədə geridə qalıb və bu səbəbdən Kreml nüvə silahı kimi ekstremal vasitələrlə üstünlük əldə etməyə çalışır. Rutte bu cür cəhdlərin 1967-ci il Kosmos Müqaviləsinin pozulması olduğunu da vurğulayıb.

Qeyd edək ki, ABŞ və keçmiş Sovet İttifaqının təşəbbüsü ilə imzalanmış həmin müqavilə kosmosun dinc məqsədlərlə istifadəsini təmin etməyə və orada kütləvi qırğın silahlarının yerləşdirilməsini qadağan etməyə yönəlib. Müqavilə uzun illərdir beynəlxalq hüququn tərkib hissəsi hesab olunur.

Rutte əlavə edib ki, NATO bu yeni çağırışlara uyğunlaşmaq üçün kosmosda fəaliyyətini gücləndirir. Müttəfiq ölkələr arasında kəşfiyyat məlumatları paylaşılır, milli kosmik komandalar yaradılır, həmçinin daha kiçik, manevr qabiliyyətli və müdafiəli peyklər hazırlanır.

“Son illərdə kosmos daha sıx, daha təhlükəli və daha proqnozlaşdırılmaz hala gəlib. Bu sahədə rəqabət təkcə kommersiya deyil, təhlükəsizlik baxımından da ciddi xarakter alır”, – deyə NATO baş katibi bildirib.

O, ilk dəfə olaraq Arktika regionunda peyk müşahidə imkanlarının artırılacağını da açıqlayıb: “Biz Çin və Rusiyanın yeni dəniz marşrutları ilə maraqlandığını və Arktikanın hərbiləşdirilməsini artırdığını müşahidə edirik. Peyklər bu fəaliyyətləri izləmək və qoşunlarımız üçün təhlükəsiz rabitəni təmin etmək baxımından mühüm rol oynayacaq”.

Xatırladaq ki, bu yaxınlarda Fransanın müdafiə naziri Sebastien Lecornu ölkənin kosmik sahədə zəif mövqedə olduğunu etiraf etmiş, Avropa Komissiyasının kosmos üzrə komissarı Andrius Kubilius isə Aİ-yə “Avropa Kosmik Qalxanı” təşəbbüsü ilə çıxış etməyə çağırmışdı.