/BX LiveBLOG/
Uzun illərdir birlikdə addımlayan Avropa-ABŞ təhlükəsizlik tərəfdaşlığı son vaxtlar ciddi sınaqlarla üzləşir. Lakin Trampın hakimiyyətə gəlməsi və verdiyi gözlənilməz qərarlar Avropanı artıq B planını düşünməyə, məlum narahatlığa vadar edib. Söhbət sadəcə narahatlıqdan getmir, Aİ ölkələri artıq konkret addımlar atmaq üçün qapalı qapılar arxasında müzakirələr aparır.
Hər şey ABŞ prezidenti Donald Trampın Avropanın təhlükəsizliyinə Amerikanın töhfəsini azaltmağa yönəlmiş siyasəti ilə başladı. Bu ritorika və siyasət dəyişiklikləri Brüsseldə və digər Avropa paytaxtlarında həyəcan təbili çaldı.
"Bizimxeber" "Defence One" nəşrinin avropalı diplomatlarına istinadən yazır ki, Aİ rəsmiləri artıq dörd dəfə ABŞ nümayəndələri olmadan toplaşaraq Amerika silahlarına mümkün alternativləri müzakirə ediblər.
Vəziyyəti daha da mürəkkəbləşdirən isə, ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini (müəyyən dövrdə) dayandırması olub. Bu addım təkcə Kiyev üçün deyil, həm də bütün Avropa üçün ciddi siqnal idi. Bu, Vaşinqtonun etibarlılığına və uzunmüddətli hərbi təchizatına dair ciddi suallar yaratdı. Avropa indi haqlı olaraq qorxur ki, ABŞ öz hərbi gücündən və Avropanın ondan asılılığından siyasi təzyiq vasitəsi kimi istifadə edə bilər.
Bununla belə, heç kim illərlə formalaşan asılılıqdan bir gündə qurtulmağın asan olduğunu düşünmür. Qapalı görüşlərdə iştirak edən rəsmilər də etiraf edirlər ki, Amerika silahlarından imtina etmək və ya onları əvəzləmək "çətin, bahalı və vaxt aparan" bir prosesdir. Üstəlik, əksər Avropa dövlətləri ABŞ ilə körpüləri tam yandırmaq istəmir. Bir diplomatın dediyi kimi: "Biz lazım olmayan yerdə divarlar hörmək istəmirik".
Bu fonda Avropa Komissiyası da hərəkətə keçib. Aİ ölkələrinə müdafiə xərclərini artırmaq, mövcud resursları birləşdirmək və ən əsası, müdafiə sənayesində birgə layihələr hazırlamaq təklif olunur. Diqqət çəkən məqam odur ki, bəzi təşəbbüslər Aİ daxilindəki satınalmalara üstünlük verir. Bu isə birbaşa Amerika müdafiə şirkətlərinin Avropa bazarındakı payını məhdudlaşdıra bilər.
Beləliklə, Avropa artıq təhlükəsizliyini təmin etmək üçün yalnız ABŞ-a güvənməyin riskli olduğunu anlayır. Bu, ABŞ-dan tamamilə "üz döndərmək" olmasa da, şübhəsiz ki, münasibətlərdə yeni bir mərhələnin başlanğıcıdır. /Bizimxeber Live BLOG/