Moskva səfərindən sonra Kiyevə gedir- Fidan diplomatik balans axtarışında

Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvaya səfərindən dərhal sonra Ukraynanın paytaxtı Kiyevə səfər etməyi planlaşdırır.

"Bizimxeber" bildirir ki, bu barədə Reuters agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Fidanın Kiyevdəki əsas vəzifələrindən biri mayın 16-da İstanbulda baş tutmuş danışıqların nəticələrini müzakirə etmək olacaq.

Nazir mayın 26-da Moskvaya səfər edib və Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəbul olunub. Fidanın bu səfəri Türkiyənin həm Rusiya, həm də Ukrayna arasında sülh danışıqlarında vasitəçi olmaq niyyətinin davamı kimi qiymətləndirilir.

Diplomatik mənbələrə əsasən, Ankara bu çətin prosesdə yalnız görüşlər üçün platforma təmin etməklə kifayətlənmir, həm də real vasitəçilik təşəbbüsləri göstərir. Bununla yanaşı, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, ABŞ danışıqlarda əsas rol oynayır və Rusiya-Ukrayna münaqişəsində vasitəçi qismində fəal iştirak edir. Peskov qeyd edib ki, Türkiyə isə daha çox texniki təşkilatçı rolunda çıxış edir – danışıqların təşkili və tərəflərin rahat təması üçün şərait yaradır.

Peskov əlavə edib ki, Rusiya ilə ABŞ arasında təhlükəsizlik məsələləri üzrə bəzi təmaslar, xüsusilə kəşfiyyat orqanları səviyyəsində, davam edir. Lakin genişmiqyaslı əməkdaşlıq hələ ki mümkün deyil. Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlər yenidən “işlək vəziyyətə” qayıtmağa başlayır.

Hakan Fidanın növbəti dayanacağı olan Kiyev, görünür, Türkiyənin balanslı diplomatik mövqeyini nümayiş etdirmək üçün mühüm mərhələ olacaq. Ankara həm Qərb, həm də Moskva ilə açıq dialoq imkanlarını qoruyaraq, özünü sabitləşdirici və etibarlı tərəf kimi təqdim etməyə çalışır.