Moskva hava məkanında xaos - 140-dan çox reys ləğv olundu və gecikdi

Moskvanın dörd əsas hava limanı – Domodedovo, Vnukovo, Jukovski və Şeremetyevo fəaliyyətini bərpa etdikdən sonra hava məkanında ciddi sıxlıq müşahidə olunub. Flyradar platformasının verdiyi məlumata görə, səmada 22-dən çox təyyarə yerə enmək və ya qalxmaq üçün növbə gözləyir. 

Hava limanları reysləri qəbul etməyə başlasa da, uçuş və eniş icazələrinin gecikməsi səbəbindən hava tıxacları yaranıb. Bu, sərnişinlər arasında narahatlıq doğurub və bir sıra çətinliklərə səbəb olub.

Uçuşların gecikməsi nəticəsində çirlider qızlardan ibarət bir komanda, Domodedovo hava limanının döşəməsində yatmağa məcbur qalıb. Onlar artıq 24 saatdan çoxdur – 6 may, saat 16:45-dən bəri uçuşlarını gözləyirlər. Sosial mediada yayılan görüntülər ictimaiyyətdə geniş rezonans doğurub.

Digər tərəfdən, Şeremetyevo hava limanında da gərginlik davam edir. Bilet kassalarında böyük növbələr yaranıb, sərnişinlər ləğv olunmuş reyslərə görə bilet dəyişmək və ya pul geri almaq üçün bir neçə saat gözləməli olublar.

Baş verən hava nəqliyyatı xaosu çərçivəsində Aeroflot aviaşirkəti 68 reysi – əsasən Vnukovo və Şeremetyevoda – 6 və 7 may tarixlərində ləğv edib. Bundan əlavə, Moskvaya doğru uçmalı olan daha 66 reys də ləğv olunub. Ümumilikdə, 140-dan çox reysdə gecikmə və ya ləğv qeydə alınıb.