Milyarderlər Trampa qarşı - “90 günlük fasilə” olarsa...

ABŞ milyarderi Bill Ekman, ABŞ prezidenti Donald Trampdan tarifləri 90 gün müddətinə dondurmasını istəyib. Ekman, bu müddət ərzində Trampın daha sərfəli ticarət razılaşmalarının formalaşdırılması üçün danışıqlar apara biləcəyini vurğulayıb.

Ekman sosial şəbəkədəki paylaşımında, prezidentin 90 günlük fasilə götürməsinin, ədalətsiz asimmetrik tarif tənzimləmələrini müzakirə etmək və həll etmək, həm də ABŞ-a yeni trilyonlarla dollar investisiya cəlb etmək üçün fürsət yaradacağını bildirib.

Milyarder, Trampın tərəfdaşlarının ədalətsiz tarif siyasətinə diqqət çəkərək doğru bir addım atdığını qeyd edib. Lakin Ekman, sərt tədbirlərin ABŞ-ı iqtisadi sahədə etibarlı tərəfdaş kimi göstərməməsi ehtimalından narahat olduğunu bildirib. Ekman tariflərin tətbiqinin nəticələrini isə "nüvə qışı" ilə müqayisə edib.

Daha əvvəl Tramp, 184 ölkə və yurisdiksiyaya, eləcə də Avropa İttifaqına qarşı ticarət tarifləri tətbiq etmişdi. Xüsusilə, Çin üçün 34%, Avropa İttifaqı üçün 20%, Ukrayna üçün isə 10% rüsumlar müəyyənləşdirilmişdi. Lakin Rusiya bu cədvələ daxil edilməyib.

Aprelin 10-dan etibarən, Çin hökumətinin, ABŞ idxalına 34 faizlik tariflər tətbiq etməyi planlaşdırdığı bildirilir. Dövlət Şurasının Tarif Komissiyası isə Vaşinqtonun hərəkətlərinin beynəlxalq ticarət qaydalarını pozduğunu və Çin maraqlarına zərər verdiyini açıqlayıb. Pekin, tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasını və mübahisənin danışıqlar yolu ilə həllini tələb edib.