Miller Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri təyin olunacaq

ABŞ prezidenti Donald Tramp, Ağ Evin rəhbərinin müavini Stiven Millerin, milli təhlükəsizlik üzrə müşavir vəzifəsinə əsas namizədlərdən biri olduğunu təsdiqləyib. 

"Bizimxeber" bildirir ki, bu açıqlamanı Tramp, Florida klubunda keçirdiyi həftəsonundan sonra Air Force One təyyarəsində jurnalistlərə verib.

Xatırladaq ki, ötən həftə Tramp, bu vəzifəni icra edən Mayk Valzı vəzifədən azad etmiş, onun əvəzinə dövlət katibi Marko Rubionu müvəqqəti olaraq həmin postu icra etməyə təyin etmişdi.

“Tezliklə kimisə təyin edəcəyəm,” – deyən Tramp, Millerin bu posta daimi təyin olunmasının təxminən altı ay sonra baş verə biləcəyini qeyd edib.

Prezident Miller barədə yüksək fikirdə olduğunu bildirib: “Düşünürəm ki, o, artıq bu rolu müəyyən qədər yerinə yetirir. Çünki bir çox məsələlərdə güclü söz sahibidir. Stiven bizim administrasiyada çox dəyərli insandır.”

Valzın vəzifədən uzaqlaşdırılması isə mediada müzakirə olunan qalmaqalla əlaqələndirilir.

“The Washington Post”un yazdığına görə, Signal messencerində Yəmənə qarşı planlaşdırılan hərbi zərbələrlə bağlı müzakirələr aparılan qapalı söhbət otağına jurnalistin səhvən əlavə edilməsi qalmaqala səbəb olub. Hadisə Tramp administrasiyasında Valzın etibarlılığının azalması ilə nəticələnib.

Hazırda müşavir postuna bir neçə digər ad da çəkilir ki, onların arasında Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və Stiven Miller əsas fiqurlar hesab olunur.