Dünya futbolunun canlı əfsanəsi Lionel Messiyə Bakıda bahalı hədiyyə verilib. Azərbaycanlı iş adamı Adnan Əhmədzadə, argentinalı superulduza həm bahalı, həm də xüsusi məna daşıyan bir hədiyyə təqdim edib.
Söhbət təsadüfi bir saatdan getmir. Bu, məşhur lüks saat brendi Jacob&Co tərəfindən Messinin uzun illər formasını geyindiyi "Barselona" klubunun 125 illik yubileyi münasibətilə hazırlanan xüsusi modeldir. Bu kolleksiya olduqca məhdud sayda – cəmi 125 ədəd istehsal edilib. Hər bir saatın üzərində 1-dən 125-ə qədər simvolik bir rəqəm əks olunub, bu da onları daha da unikal edir.
Adnan Əhmədzadənin Messiyə bağışladığı saatın üzərində isə məhz "10" rəqəmi yazılıb.
Bildiyimiz kimi, "10" nömrəsi Lionel Messinin bütün karyerası boyunca onunla eyniləşən, əfsanəvi nömrəsidir. Bu seçim hədiyyəyə xüsusi bir məna qatır və onun məhz Messi üçün nəzərdə tutulduğunu göstərir.
Hədiyyənin təqdimatı, Messinin ötən ilin dekabrında Bakıya səfəri zamanı baş tutub. Xatırladaq ki, həmin səfər zamanı Messini təkcə ailəsi deyil, həm də "İnter Mayami"dəki komanda yoldaşları və keçmiş "Barselona"lı ulduzlar – Luis Suares, Xordi Alba və Serxio Buskets də müşayiət edirdi.
Məqalədə qeyd edildiyi kimi, Adnan Əhmədzadə ilə Lionel Messi arasında isti dostluq münasibətləri mövcuddur. Bu hədiyyə də həmin dostluğun bir nişanəsi sayıla bilər. Bundan əlavə, Əhmədzadənin təkcə Messi ilə deyil, "Barselona" klubu rəhbərliyi ilə də yüksək səviyyəli əlaqələrə malik olduğu vurğulanır. /Bizimxeber Live BLOG/