ABŞ prezidenti Doland Tramp jurnalistlərə verdiyi açıqlamada qarşıdan gələn Katolik Kilsəsinin yeni rəhbərinin seçilməsi ilə bağlı fikirlərini bölüşərkən gözlənilməz bir bəyanat verib: ""Papa? Mən Papa olmaq istərdim. Bu, mənim ilk seçimim olardı".
Əlbəttə ki, bu sözlər ciddi bir iddia deyil. Tramp tezliklə zarafat etdiyini əlavə edib və ABŞ-dan olan Nyu-York arxiyepiskopu Timoti Dolanı xatırladaraq deyib ki, "Deməliyəm ki, bizim Nyu-Yorkdan çox yaxşı bir kardinalımız var. Ona görə də nə baş verəcəyini görəcəyik".
O, heç bir kardinalı dəstəkləmədiyini vurğulasa da, bu cür açıqlama ictimaiyyətin diqqətini cəlb etməyə kifayət etdi.
Donald Trampın dini mənsubiyyəti heç vaxt Katolik Kilsəsinə aid olmayıb. O, uzun illər presviterian kimi tanınıb, 2020-ci ildə isə heç bir kilsəyə mənsub olmadığını açıqlayıb. Bu baxımdan onun Papa vəzifəsinə istinadla etdiyi zarafat, siyasi və dini dairələrdə daha çox ironik və diqqətçəkici jest kimi qiymətləndirilə bilər.
Bu arada, Vatikan rəsmi olaraq yeni Papanın seçilməsi üçün gizli konklavın mayın 7-də başlayacağını elan edib. Papa Fransiskin şənbə günü baş tutan dəfn mərasimindən sonra keçiriləcək bu qapalı iclasda, dünyanın dörd bir yanından toplanan kardinallar Katolik Kilsəsinin növbəti rəhbərini seçmək üçün bir araya gələcəklər.