ABŞ-da iqtisadi və siyasi gərginliklə müşayiət olunan mühüm məhkəmə qərarı elan edilib. Federal Apellyasiya Məhkəməsi Prezident Donald Trampın geniş miqyaslı idxal tarifləri tətbiq etməsinə qoyulan bloklama qərarını müvəqqəti olaraq dayandırıb.
Bu, o deməkdir ki, tariflərə dair qadağa qüvvəyə minməyib və məhkəmə prosesi yekunlaşana qədər Trampın tətbiq etdiyi tariflər qüvvədə qalacaq.
Xatırladaq ki, Donald Tramp 2 aprel 2025-ci il tarixində dünyanın əksər ölkələrinə qarşı tariflərin tətbiq olunacağını bəyan etmişdi. O, bu qərarını fövqəladə iqtisadi səlahiyyətlərə əsaslanaraq əsaslandırmışdı.
Lakin mayın 28-də Manhettendə yerləşən federal məhkəmə Trampın bu addımını qanunazidd hesab etmişdi. Həmin qərarda bildirilib ki, p0rezidentin istinad etdiyi İqtisadi Səlahiyyətlər Aktı ona istənilən ölkəyə vergi tətbiq etmək hüququ vermir. Məhkəmə qeyd edib ki, ABŞ Konstitusiyası xarici ticarət məsələlərində əsas söz sahibinin Konqres olduğunu açıq şəkildə göstərir.
Bu qərar, tariflərə qarşı çıxan və bir neçə şirkətin hüquqlarını müdafiə edən "Liberty Justice Center" adlı hüquq firmasının müraciəti əsasında çıxarılmışdı. Lakin federal hökumət bu qərarla razılaşmayaraq Apellyasiya Məhkəməsinə müraciət edib və nəticədə mayın 29-da Apellyasiya Məhkəməsi ilkin qərarın icrasını dayandırıb.
Tərəflər məhkəməyə iyunun əvvəlinə qədər yazılı arqumentlərini təqdim etməlidirlər. ABŞ mediası hesab edir ki, bu işin gələcəkdə Ali Məhkəməyə qədər gedib çıxması mümkündür.