"Lukoil" və "Rosneft" şirkətlərinə kiberhücum: - Rusiyanın iki neft şirkəti hədəfdə

/BX LiveBLOG/

RBC mənbələrinə istinadən xəbər verir ki, hakerlər Rusiyanın aparıcı neft şirkətlərindən biri olan "Lukoil"in kompüter sistemlərinə ransomware virusu vasitəsilə hücum ediblər. Hücum nəticəsində şirkətin iki əsas bölməsinin işi iflic olub və sistemlərin tam bərpasının 24 saata qədər çəkəcəyi bildirilir.  

Roskomnadzor hadisəni təsdiqləyərək hücumun "şirkətin kritik infrastrukturuna təsir etmədiyini" bəyan edib. Lakin, "Shot" Telegram kanalının məlumatına görə, "Lukoil"in Moskvanın Sretenski bulvarı, Yakimanka və Pokrovski bulvarındakı ofislərinin işi dayandırılıb. Şirkət əməkdaşlarından kompüterlərini işə salmamaq və iş xidmətlərindən istifadə etməmək tələb olunub. Həmçinin, elektron keçidlərin işləmədiyi, yanacaqdoldurma məntəqələrinin isə kartla ödənişləri qəbul edə bilmədiyi bildirilir.

Bundan başqa, "Shot" Telegram kanalı Rosneft şirkətinin də genişmiqyaslı haker hücumuna məruz qaldığını açıqlayıb. Bu, gün ərzində ikinci iri neft şirkətinin kiberhücuma məruz qalması deməkdir. Rosneft işçilərinin Lukoil əməkdaşları ilə eyni məzmunlu xəbərdarlıqlar aldıqları bildirilib. Hər iki şirkətin əməkdaşlarından kompüterlərini işlətməmələri, iş hesablarına daxil olmamaları və şəxsi məlumatlarının sızmasının qarşısını almaq üçün hər hansı giriş məlumatlarını paylaşmamaları xahiş olunub. 

Ransomware, yəni fidyə proqramları, hakerlərin şirkətlərin kompüter sistemlərini bloklayaraq onlardan fidyə tələb etməsi məqsədilə istifadə etdiyi zərərli proqramlardır. Bu hücumlar adətən böyük maliyyə itkilərinə və məlumat sızmalarına səbəb olur. 

Son hücumlar göstərir ki, Rusiya neft sənayesi kiberhücumçuların yeni hədəfi ola bilər. Hadisələrin inkişafı və hücumların arxasında hansı qrupların dayanması ilə bağlı araşdırmalar davam edir. /Bizimxeber Live BLOG/