Medvedevdən son dron hücumlarına sərt reaksiya - “Qisas qaçılmazdır”

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ukraynanın Rusiya ərazisindəki aerodromlara son dron hücumlarına sərt reaksiya verib. "Bizimxeber" bildirir ki, o, Telegram kanalında yazdığı bəyanatda Ukraynaya qarşı “qisasın qaçılmaz” olduğunu bildirib.

Medvedev iddia edir ki, Rusiya ordusu hücumlarını davam etdirəcək:“Partlamalı olan hər şey mütləq partlayacaq, məhv edilməli olanlar isə yox olacaq".

O, bu bəyanatları Ukraynanın pilotsuz uçan aparatlarla İvanovo və digər aerodromlara zərbələr endirməsindən sonra səsləndirib. ABŞ mediası bu hücumlara görə Rusiyadan ciddi cavab zərbələrinin veriləcəyini gözlədiklərini yazmışdı.

Medvedev eyni zamanda Rusiyanın bir gün öncə təqdim etdiyi atəşkəs və sülh şərtlərinə də toxunub. Onun sözlərinə görə, bu şərtlərin məqsədi kompromisə əsaslanan sülh deyil, Ukraynadakı hazırkı hakimiyyətin dəyişdirilməsidir.

“İstanbulda danışıqlar kimlərinsə uydurduğu qeyri-real şərtlərlə kompromis sülh üçün deyil, bizim tezliklə qələbəmiz və neonasist hökumətinin tamamilə məhv edilməsi üçün lazımdır. Dünən dərc edilmiş Rusiya Memorandumunun mənası budur,” – deyə Medvedev bildirib.