Mask yeni Messenger elan etdi

İlon Mask X platformasında yoxa çıxan mesajlar, hər cür fayl paylaşımı, audio və video zəng funksiyaları ilə təchiz olunmuş XChat adlı yeni bir messencerin istifadəyə verilməyə hazırlandığını elan edib.

O bildirir ki, tətbiq Rust proqramlaşdırma dili əsasında qurulub və "Bitcoin tipli" tam şifrələmə arxitekturasına malik olacaq. "Biz yoxa çıxan mesajlar və fayllar göndərmək imkanı olan yeni XChat-ı işə salırıq. O, tamamilə yeni bir arxitektura olan bitkoin tipli şifrələmə ilə Rust üzərində qurulub", – Mask yazıb. 

Lakin texnoloji ekspertlər bu iddianı şübhə ilə qarşılayıblar. Çünki Bitcoin əməliyyatları şifrələnmir, sadəcə rəqəmsal imzalanma və blokçeyn texnologiyası ilə təmin olunur. Bu səbəbdən “Bitcoin-stil şifrələmə” ifadəsi real texniki anlamdan çox, marketinq terminologiyası kimi qiymətləndirilir. 

Maskın açıqlamasından əvvəl, Telegram messencerinin yaradıcısı Pavel Durov, onun rəhbərlik etdiyi platforma ilə Maskın xAI süni intellekt startapı arasında bir illik tərəfdaşlıq razılaşmasının əldə olunduğunu bildirmişdi. Durova görə, bu razılaşma Grok chatbotunun Telegram-da yayılmasını nəzərdə tutur.

Amma Mask həmin açıqlamaya cavab olaraq, hələlik rəsmi müqavilə imzalanmadığını bildirib. Bu da iki texnologiya nəhəngi arasında bəzi ziddiyyətlərin mövcud olduğunu göstərir.