Marneulidə topa bülleten- Seçki məntəqəsi bağlandı - Video

Gürcüstanda 69 saylı Marneuli seçki məntəqəsində seçki qutusuna zərflərin doldurulmasının videogörüntüləri yayılıb.

Bizimxeber.az Gürcü mediasına istinadən bildirir ki, bu hadisədən dərhal sonra MSK sədri Giorgi Kalandarişvili 69 saylı Marneuli seçki məntəqəsində seçki qutusuna zərflərin doldurulmasına münasibət bildirib. Onun qiymətləndirməsinə görə, bu fakt “təcrid olunmuş haldır”.

“Mətbuatda və internetdə 69 saylı Marneuli seçki məntəqəsində seçki qutusuna bülletenlərin doldurulması ilə bağlı məlumatlar yayılır. Bu, narahatedici məlumatdır və seçki administrasiyası buna imkan verməyəcək. Əgər bu məlumat təsdiqlənsə belə təcrid olunmuş, idarə olunan və ya manipulyasiya xarakterli işlərin səsvermə günü ilə bağlı sərf etdiyimiz çoxillik səylərə xələl gətirməsi ehtimalı var", - Kalandarişvili bildirib.

MSK sədrinin verdiyi məlumata görə, faktla bağlı Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb. Kalandarişvili Marneuli Dairə Komissiyasını müvafiq qərar qəbul etməyə çağırıb.

“Mən təcili olaraq Marneuli Dairə Seçki Komissiyasına zəng edib xahiş etmişəm ki, vəziyyəti öyrənsin, komissiyanın iclasını çağırsın və müvafiq qərar qəbul etsin. Bildiyimə görə, Daxili İşlər Nazirliyinin bu məsələ ilə bağlı araşdırmaya başlamasına baxmayaraq, biz belə halların baş verməsinə imkan verməyəcəyik”, - Giorgi Kalandarişvili bildirib.

MSK-nın qərarına əsasən, 69 saylı Marneuli seçki məntəqəsi bağlanıb.