Yelisey Sarayı prezident Emmanuel Makronun Ukraynaya səfəri zamanı qatarda istifadə etdiyi salfetlə bağlı yayılan Rusiya xəbərlərini təkzib edib.
Bizixmeber "Pravda Avropa"ya istinadən bildirir ki, Rusiya mediası Makronun Fridrix Merz və Keir Starmerlə eyni masada oturduğu görüntüləri yayaraq, stolun üzərində guya “ağ toz torbası” olduğunu iddia edib. Bu məlumat Kremlin təbliğat kanalları tərəfindən tirajlanıb və Makronun narkotik vasitələrdən istifadə etdiyinə eyham vurulub.
Yelisey Sarayı buna sərt reaksiya verib və Avropa liderlərinin Ukraynaya birgə səfəri zamanı qatarda çəkilmiş iki fotoşəkil yayıb: Birinci fotoda sadə kağız salfet görünür və şəkil belə izah olunur: “Bu, sadəcə əlləri və üzü silmək üçün salfetdir". İkinci fotoda Avropa liderlərinin nümayəndə heyəti əks olunub və başlıqda yazılıb: “Bu, sülhü təşviq etmək üçün Avropa birliyidir”.
Fransa Prezident Aparatı bildirib ki, dezinformasiya və manipulyasiya kampaniyası o qədər güclənib ki, artıq sadə salfet belə narkotik kimi təqdim olunur. Açıq şəkildə qeyd olunub ki, bu cür yalan məlumatlar Fransaya həm xaricdən, həm də daxildən zərər vurmaq məqsədi daşıyır.
“Manipulyasiyaya qarşı diqqətli olun,” – deyə Yelisey Sarayından vurğulanıb.
Eyni zamanda Makronun özü də Avropa liderlərinin birgə Kiyev səfərinin “pərdəarxası” görüntülərini yayıb. Bu kadrlarda səhər tezdən ABŞ-ın keçmiş prezidenti Donald Trampa telefon zəngi etdiyi də əks olunub. "Politico"nun yazdığına görə, həmin zəngin təşəbbüskarı elə Makronun özü olub.