Macarıstan parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmasına dair qərarı təsdiqləyib. Baş nazir Viktor Orbanın təşəbbüsü ilə gündəmə gətirilən bu qərar 134 deputatın lehinə, 37-nin əleyhinə, 7 nəfərin isə bitərəf qalması ilə qəbul edilib.
"Bizimxeber" bildirir ki, bu barədə Macarıstanın “Telex” nəşri yayıb.
Xarici İşlər və Ticarət naziri Peter Siyarto bildirib ki, Macarıstan hökuməti yaxın günlərdə bu qərarla bağlı BMT Baş katibini rəsmi şəkildə məlumatlandıracaq. Nazirin sözlərinə görə, Beynəlxalq Cinayət Məhkəməsinin son qərarları ciddi mübahisələrə yol açıb.
“Hakimlərin HƏMAS-ın ölən liderləri və İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə orderlər verməsi kimi absurd qərarları BCM-nin artıq siyasi motivlərlə hərəkət etdiyini göstərir. Hökumət üçün bu qəbuledilməzdir,” – deyə Siyarto vurğulayıb.
Nazir əlavə edib ki, rəsmi Budapeşt belə bir təşkilatın fəaliyyətinə adını bağlamaq niyyətində deyil.
Qeyd edək ki, Macarıstanın BCM-dən çıxmaq niyyəti bu ilin aprelində Benyamin Netanyahunun Budapeştə səfəri zamanı açıqlanmışdı. Baş nazir Orban daha əvvəl Məhkəmədən çıxmaq qərarını “qurumun siyasiləşməsi” ilə əsaslandırmışdı.