ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Los-Anceles küçələrinə 300-dən çox Milli Qvardiya əsgərinin yerləşdirilməsi şəhərdə gərginliyi daha da artırıb.
"Bizimxeber" bildirir ki, etirazçılar Trampın immiqrasiya siyasətinə və fövqəladə tədbirlərə qarşı küçələrə axışıb.
Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qaz, rezin güllələr və səs qumbaralarından istifadə edib. Şəhər mərkəzində yerləşən Böyükşəhər Təcridxanasının ətrafında etirazçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar baş verib. Bəzi etirazçılar polisə stullar və digər əşyalar ataraq müvəqqəti baryerlər qurub.
LAPD (Los Angeles Polis Departamenti) şəhərin mərkəzində toplaşan insanlara qarşı "qanunsuz toplantı" elan edib və vətəndaşlardan ərazini dərhal tərk etmələrini tələb edib. Polis sosial şəbəkədə paylaşdığı bildirişdə sakinləri və şəhərə gələnləri ayıq olmağa və istənilən cinayət fəaliyyəti barədə məlumat verməyə çağırıb.
Etirazların üçüncü günündə, metropoliten həbsxanasının yaxınlığında polislə qarşı-qarşıya gələn nümayişçilər 101 avtomagistralını bağlayıb. Bəzi etirazçılar avtomobil yoluna əşyalar atıb, cavab olaraq dövlət patrul qüvvələri səs qumbaraları və rezin güllələrlə müdaxilə edib.
Hadisələr zamanı dörd özünüidarə edən Waymo taksisi yandırılıb, alov və tüstü şəhərin üzərinə qalxıb. Elektriklə işləyən maşınlarda bir neçə partlayış qeydə alınıb.
Etirazların fonunda federal obyektlərin mühafizəsi gücləndirilib, polis atlı patrullarla küçələrdə gözətçiliyi davam etdirir. Tramp administrasiyasının miqrasiya siyasəti və fövqəladə tədbirləri isə ölkə daxilində ciddi müzakirələrə və etirazlara səbəb olmağa davam edir.