Bu gün Böyük Britaniya ilə Avropa İttifaqı (Aİ) arasında ilk yüksək səviyyəli sammit Londonda rəsmi olaraq başlayıb.
"Bizimxeber" bildirir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının sədri Antonio Kosta sammitdə iştirak etmək üçün Londona gəliblər.
Onları Böyük Britaniyanın Baş naziri Keir Starmer və Xarici İşlər Naziri David Lammy Lancaster House iqamətgahında qarşılayıblar. Sammitin məqsədi, Brexit-dən sonra yaranan gərginlikləri aradan qaldırmaq və Böyük Britaniya ilə Aİ arasında münasibətləri yenidən qurmaqdır.
Ursula fon der Leyen tədbir zamanı bildirib: "Bu, keçmiş səhifəni çevirmək və qarşılıqlı etimad əsasında irəliləmək üçün real bir şansdır."
Sammit ərəfəsində Britaniya və Aİ arasında müdafiə sahəsində əməkdaşlıq paktı və balıqçılıq razılaşması ilə bağlı əməli razılıq əldə olunduğu təsdiqlənib. Razılaşmaların detallarının yaxın günlərdə ictimaiyyətə açıqlanacağı gözlənilir.
Britaniya mediası sammitdən öncə danışıqlarda “əhəmiyyətli irəliləyiş” əldə edildiyini və bazar günü axşama qədər intensiv müzakirələrin aparıldığını bildirib. Bu sammit post-Brexit dövründə ilk bu səviyyəli görüş hesab olunur və iki tərəf arasında yeni əməkdaşlıq mərhələsinin başlanğıcı kimi qiymətləndirilir.