Kurskda öldürülən Şimali Koreya əsgərlərinin sayı açıqlandı

Reuters agentliyi Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinə istinadən bildirib ki, Kursk vilayətində Ukrayna Silahlı Qüvvələri ilə döyüşlərdə təxminən 600 Şimali Koreya əsgəri həlak olub.

"BX LİVE BLOG" bildirir ki, bu, KXDR-in Rusiya-Ukrayna müharibəsində aktiv iştirakına dair indiyədək yayımlanan ən konkret və ciddi itki statistikasıdır.

Məlumatlara görə, 15 minə qədər şimali koreyalı hərbçi Rusiya Silahlı Qüvvələrinin tərəfində döyüşür. Pxenyan və Moskva bu iddialara hələlik rəsmi münasibət bildirməyiblər. Lakin Cənubi Koreya kəşfiyyatının açıqladığı rəqəmlər KXDR-in bu münaqişədə birbaşa hərbi iştirakına dair ciddi şübhələr doğurur.

Son altı ayda təxminən 4700 Şimali Koreya hərbçisinin öldüyü və ya yaralandığı bildirilir. Maraqlıdır ki, bu döyüşçülərin müasir texnologiyalardan – xüsusən də pilotsuz uçuş aparatlarından istifadə etməyə başladığı da müşahidə olunur. Bu isə KXDR-in döyüş qabiliyyətini modernləşdirmək cəhdlərinin bir hissəsi kimi qiymətləndirilir.

2024-cü il iyunun 19-da Vladimir Putinin Pxenyana səfəri zamanı Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi imzalanmışdı. Bu sənəd 2000-ci ildə bağlanmış əvvəlki dostluq və əməkdaşlıq müqaviləsini əvəz edərək, Moskva ilə Pxenyan arasında daha sıx və formal ittifaqın əsasını qoydu. Müqavilə 2024-cü ilin dekabrında rəsmən qüvvəyə minib.