Portuqaliya Futbol Federasiyasının məlumatına görə, Kriştiano Ronaldonun böyük oğlu, 14 yaşlı Kriştiano dos Santos Portuqaliya milli komandasının U15 (15 yaşadək futbolçulardan ibarət) heyətinə dəvət alıb.
Portuqaliya U15 yığması 13–18 may tarixlərində Xorvatiyada keçiriləcək Vlatko Markoviç adına beynəlxalq turnirdə iştirak edəcək. Komanda bu turnirdə Yaponiya, Yunanıstan və İngiltərə yığmalarına qarşı mübarizə aparacaq.
Kriştiano dos Santos hazırda atasının çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun gənclər komandasında forma geyinir. Onun atası – beşqat “Qızıl top” sahibi Kriştiano Ronaldo həm də Çempionlar Liqasının 5 qat qalibi, Avropa çempionu və UEFA Millətlər Liqası qalibidir.
Bu dəvət, gənc Ronaldonun beynəlxalq səviyyədə ilk ciddi imtahanlarından biri olacaq və onun futbol karyerasına mühüm təkan verə bilər.