İtaliya hüquq-mühafizə orqanları Ukrayna tərəfindən beynəlxalq axtarışa verilmiş tanınmış kriminal avtoritet,“qanuni oğru” kimi tanınan Lavasoqli Batumskini saxlayıb.
"Bizimxeber" bildirir ki, bu barədə Antikor portalı məlumat yayıb.
Ukrayna hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, Lavasoqli Batumski Odessa vilayətində reket fəaliyyəti ilə məşğul olub və bu cinayət əməllərinə görə ölkədə cinayət məsuliyyətinə cəlb edilib. Onun fəaliyyəti əsasən iş adamlarından hədə-qorxu ilə pul tələb etmək və cinayətkar qrupları koordinasiya etməkdən ibarət olub.
Kimdir Lavasoqli Batumski?
Lavasoqli Batumski Gürcüstan mənşəli və postsovet məkanında nüfuzlu “qanuni oğru"lardan biri hesab olunur. Onun adı müxtəlif dövrlərdə Rusiya, Ukrayna və Avropa ölkələrində müxtəlif cinayət işlərində hallanıb. İtaliya polisi onu Avropa miqyasında aparılan birgə əməliyyat nəticəsində nəzarətə götürüb. Hazırda onun Ukraynaya ekstradisiyası məsələsi gündəmdədir.
Ukrayna Daxili İşlər Nazirliyi və Prokurorluğu İtaliya tərəfinə ekstradisiya üçün rəsmi müraciət göndərib. Ukrayna rəsmiləri bildirirlər ki, Lavasoqli Batumski ədalət qarşısında cavab verməlidir və onun rəhbərlik etdiyi cinayət şəbəkəsi artıq dağıdılıb.