Kreml Ukraynadan güzəşt tələb edir – ISW

Kreml ABŞ ilə silahlara nəzarət danışıqlarına başlamaqdan imtina edir və bunun əvəzində Ukrayna ilə bağlı strateji güzəştlər tələb edir.

"Bizimxeber" bildirir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) son hesabatında bildirilir.

Moskva strateji sabitliklə bağlı müzakirələrin bərpasını Ukraynadakı müharibə kontekstində ABŞ-dan əvvəlcədən siyasi və hərbi güzəştlər qoparmaq üçün vasitəyə çevirib. 

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun və xarici işlər nazirinin müavini Sergey Ryabkovun son bəyanatları bu mövqeyi təsdiqləyir. Ryabkov bildirib ki, Rusiya “birtərəfli moratoriumun məntiqi sonuna yaxınlaşır” və ABŞ yalnız “Rusiyanın fundamental maraqlarına hörmət” edərsə, dialoqun bərpası mümkün ola bilər. 

Rusiya xarici işlər naziri Sergey Lavrov isə vurğulayıb ki, Moskva yalnız “bərabər şərtlərlə” danışıqlara hazırdır. ISW-nin qənaətinə görə, Kremlin bu mövqeyi silahlara nəzarət məsələsini siyasi təzyiq alətinə çevirərək, ABŞ və Qərbi Ukrayna məsələsində geri addım atmağa məcbur etmək cəhdidir.