Köpəkbalığı hücumları artır - Gənc amerikalının cəsədindən yalnız başı tapıldı

Meksikanın məşhur Chac Mool çimərliyində baş vermiş dəhşətli hadisə beynəlxalq medianın diqqət mərkəzinə düşüb. ABŞ-dan gəlmiş 20 yaşlı turist Alejandro Qonzales, ehtimal ki, köpəkbalığı hücumuna məruz qalaraq həyatını itirib. Gəncin parçalanmış cəsədi yalnız baş hissəsi ilə birlikdə Kankun otellər zonasında sahilə çıxıb.

Hadisə aprelin 20-də baş verib. Qonzales çimərlikdə istirahət edərkən sevgilisinin dənizdə boğulmağa başladığını görərək onun köməyinə qaçıb. Qız sahilə sağ çıxsa da, Alejandro suda itkin düşüb. Axtarış-xilasetmə əməliyyatları üç gün nəticəsiz qaldıqdan sonra, aprelin 23-də cəsədin qalıqları tapılıb.

“Cəsədin vəziyyəti dəniz canlıları, xüsusilə köpəkbalıqları tərəfindən yeyildiyini göstərir,” – deyə ilkin araşdırmaya əsaslanan Need To Know xəbər verir. Cəsəd inkişaf etmiş parçalanma əlamətləri göstərir və yalnız baş skeleti qorunub.

Hadisədən dərhal sonra ərazi mühasirəyə alınıb, Meksika Baş Prokurorluğunun əməkdaşları hadisə yerində ilkin araşdırma aparıb. Gəncin şəxsiyyəti təsdiqlənib, əlavə ekspertizalar davam edir. Qonzalesin valideynləri sənəd problemi səbəbindən Meksikaya gələ bilməsələr də, oğullarının qalıqlarının ABŞ-a qaytarılması üçün göstərilən dəstəyə görə təşəkkür ediblər.

“Biz möcüzə üçün dua edirdik. Nəticə ağır olsa da, heç olmasa cəsədi tapıldı və onu evə apara biləcəyik,” – deyə ailənin yaydığı bəyanatda bildirilir.

Köpəkbalığı hücumları artır: İsrail, İndoneziya və Yamaykada oxşar hallar



Alejandro Qonzalesin faciəsi təkcə Meksikada baş verməyib. Aprelin 21-də İsrailin Hadera sahillərində bir kişi köpəkbalığı hücumundan sonra itkin düşüb. Ərazi istiliyi sevən yırtıcıları cəlb edən elektrik stansiyasının axıntıları səbəbilə təhlükəli hesab olunur.

Bundan əlavə, 2024-cü ilin oktyabrında İndoneziyada ABŞ vətəndaşı olan 68 yaşlı qadın dalış zamanı itkin düşüb və günlər sonra bir köpəkbalığının mədəsində onun qalıqları aşkarlanıb.

Yamaykada isə avqust ayında pələng köpəkbalığı nizə ilə balıq tutan məktəbliyə hücum edərək onun ölümünə səbəb olub. Balıqçılar dalış zamanı yırtıcını görüb müdaxilə etməyə çalışsalar da, bu mümkün olmayıb.

Mütəxəssislər bildirir ki, öpəkbalığı hücumlarının qarşısını almaq üçün sahildən çox uzağa üzməmək, gec saatlarda və qanla təmasda dənizə girməmək əsas təhlükəsizlik tədbirləridir. O qeyd edir ki, bu məsləhətlərə əməl olunarsa, risk minimuma endirilə bilər.