ABŞ prezidenti Donald Tramp müdafiə xərclərinin artmasına baxmayaraq, iyunda keçiriləcək NATO sammitini buraxa bilər.
Bu barədə Almaniyanın "Spiegel" qəzeti yazıb.
Nəşr qeyd edir ki, bu barədə ABŞ-ın Şimali Atlantika Alyansındakı yeni səfiri Metyu Uitaker alyansın səfirlərinə xəbərdarlıq edib. Diplomat həmçinin Amerika administrasiyasının üzv dövlətlərin ÜDM-in 5%-ni müdafiəyə xərcləməyi öhdəsinə götürməsi tələbindən danışıb.
"Əvvəlcə almanlar inanırdılar ki, amerikalılar bu 5% tələbində ciddi deyil, bu, sadəcə, danışıqlar taktikasıdır. Amma indi Uitakerin sözlərinə inanırlar", deyə "Spiegel" yazıb.
Martın 7-də Tramp xəbərdarlıq edib ki, NATO ölkələri müdafiəyə öz ədalətli payını xərcləməsələr, ABŞ onları müdafiə etməyəcək. Amerika lideri andiçmə mərasimindən əvvəl alyansa üzv ölkələrin hərbi xərclərini ÜDM-nin 5%-nə çatdırmağa çalışmaq niyyətində olduğunu bildirib.
Mayın 2-də NATO-nun baş katibi Mark Rutte alyansa üzv ölkələrin hərbi xərclərini ÜDM-in 3,5%-nə qədər artırmağı, sonra isə digər müdafiə layihələrinə əlavə 1,5% ayırmağı təklif edib.