“Kinjal” hipersəs raketi ilk dəfə Nikolayevdə hədəfi vurdu

Rusiya Aerokosmik Qüvvələrinin MiQ-31K qırıcısından buraxılan "Kinzhal" hipersəs raketi ilk dəfə Ukraynanın Nikolayev şəhərində hədəfi vurub. 

"Bizimxeber" bildirir ki, bu barədə "Hərbi Müşahidəçi" adlı Telegram kanalı məlumat yayıb.

İlkin məlumatlara görə, raket enerji infrastrukturuna aid obyektə tuş gəlib. Hücumun görüntüləri də sosial şəbəkələrdə yayılıb. Kadrlarda raket zərbəsindən sonra səmaya qalxan sıx, qara tüstü görünür. Rusiya Müdafiə Nazirliyi isə hələlik məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb.

“Kinjal” (“Xəncər”) raketi "İskəndər" yerüstü taktiki raket kompleksinin hava versiyasıdır və hipersəs sürətində uçaraq mövcud hava hücumundan müdafiə sistemlərini aşmaq gücünə malikdir. Bu səbəbdən də onun istifadəsi Ukraynada ciddi narahatlıq doğurur.

İyunun 3-nə keçən gecə Ukraynanın cənubunda – Odessada, Sumı vilayətində və Poltavada güclü partlayışlar qeydə alınıb. Yerli KİV-lərin məlumatına görə, Odessada ilk partlayış saat 03:30-da baş verib, ikinci zərbə isə yarım saat sonra şəhəri vurub. Hava hücumu siqnalı gecə boyu bir neçə bölgədə səsləndirilib.

Digər tərəfdən, Rusiya Dövlət Dumasının deputatı Sergey Obuxov bildirib ki, Rusiya aerodromlarına dron hücumlarına cavab olaraq Kiyevə “Oreşnik” ballistik raketi ilə zərbə endirilməsi ehtimalı azdır. Onun fikrincə, belə bir hücumun strateji əhəmiyyəti yoxdur və bu addım Moskvanın hərbi planlarına daxil deyil.