Kim Çen In Rusiyaya yeni dəstək üçün heç nə istəmir

Şimali Koreya lideri Kim Çen In, Rusiyanın təhlükəsizlik məsələləri üzrə baş katibi Sergey Şoyqu ilə Pxenyanda keçirdiyi görüşdə Moskvanı beynəlxalq səviyyədə qeyd-şərtsiz dəstəkləyəcəyini bəyan edib.

"Bizimxeber" bildirir ki, bu barədə Şimali Koreyanın rəsmi dövlət agentliyi KCNA məlumat yayıb.

Görüş zamanı Kim bildirib ki, Şimali Koreya Rusiya Federasiyasını və onun xarici siyasətini bütün əsas beynəlxalq məsələlərdə tam şəkildə dəstəkləyəcək. Bu bəyanat, Pxenyanın son illərdə Moskvaya doğru siyasi və hərbi yaxınlaşmasının davamı kimi qiymətləndirilir.

"Bloomberg" agentliyi qeyd edir ki, Şoyqunun Şimali Koreyaya səfəri, Cənubi Koreyada Demokratlar Partiyasından olan liberal prezident Li Jae-myungun hakimiyyətə gəlməsi ilə eyni vaxta təsadüf edib. Yeni prezident çıxışında Koreya yarımadasındakı gərginliyi azaltmaq və sülh dialoqunu bərpa etmək niyyətində olduğunu vurğulayıb.

Lakin Kim Çen In bu çağırışlara cavab verməkdən yayınır və əksinə, Cənubi Koreya ilə bütün körpüləri yandırmaq siyasətini davam etdirir.

Mənbələrin bildirdiyinə görə, Kim təkcə bəyanatlarla kifayətlənmir – o, Ukrayna müharibəsində Rusiyaya faktiki hərbi dəstək göstərir. Şimali Koreya qoşunlarının müasir müharibə şəraitində təcrübə toplamaq üçün Ukraynada cəbhəyə göndərildiyi barədə məlumatlar yayılıb. Bu da Pxenyanın Rusiyaya yaxınlığını konkret hərbi addımlarla təsdiqlədiyini göstərir.