İtaliyadan Suriyaya daha 70 milyon dəstək

/BX LiveBLOG/

İtaliya hökuməti Suriyada humanitar layihələrin və infrastrukturun bərpasına təxminən 68 milyon avro ayırıb.

"Bizimxeber" xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Antonio Tajani açıqlama verib.

Nazirin sözlərinə görə, bu maliyyə yardımı xəstəxanaların, səhiyyə sisteminin, infrastrukturun və qida təchizatı zəncirinin gücləndirilməsi üçün nəzərdə tutulub. Tajani əlavə edib ki, yaxın həftələrdə yeni əməkdaşlıq layihələri başlayacaq və bərpa prosesinə dəstək məqsədilə biznes forumu təşkil ediləcək.

2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra Avropa İttifaqının Suriyaya münasibətində dəyişikliklər müşahidə olunmağa başladı. Qərb ölkələri, o cümlədən İtaliya, böhranın humanitar fəsadlarını aradan qaldırmaq üçün daha fəal dəstək göstərməyə başlayıb.

Bu yaxınlarda keçirilən Suriya üzrə doqquzuncu beynəlxalq konfransda ölkəyə ümumilikdə 5,8 milyard avro məbləğində yardım vəd edilib. Bundan əlavə, Almaniya da BMT strukturları vasitəsilə Suriyaya əlavə 300 milyon avro ayıracağını açıqlayıb. /Bizimxeber - Live BLOG/