Azərbaycanda satılan bəzi kərə yağlarının tərkibində ciddi uyğunsuzluqlar aşkarlanıb. Qida Təhlükəsizliyi Agentliyinin apardığı yoxlamalar nəticəsində məlum olub ki, bəzi istehsalçılar məhsulun etiketində təbii kərə yağı olduğunu bəyan etsələr də, faktiki tərkibində bitki yağları və qadağan olunmuş qida əlavələri var.
Məlum olub ki, fiziki şəxs Cəfərov Əli Telman oğlu tərəfindən istehsal edilən kərə yağlarının bəzi partiyalarında bitki sterinləri (Kampesterin, Stiqmasterin, Beta-sitosterin) var. Bundan əlavə, qanunla qadağan edilən qida əlavələri – Sorbin (E200) və Benzoy (E210) turşuları aşkarlanıb.
Qanunvericiliyə görə, kərə yağı yalnız təbii inək südündən alınmış qaymaqdan hazırlanmalıdır. Lakin yoxlamalar göstərib ki, bəzi istehsalçılar bitki yağlarını əlavə etməklə istehlakçını aldadır və ucuz maya dəyəri hesabına daha çox gəlir əldə etməyə çalışırlar.
Hansı məhsullarda uyğunsuzluq var?
"Westfood" (82.5% yağlılıqda qaymaqdan təbii kərə yağı)
İstehsal və son istifadə tarixi: 07.02.2025 - 07.02.2026
Aşkarlanan maddələr: Kampesterin, Stiqmasterin, Beta-sitosterin, Sorbin (E200) turşusu, Benzoy (E210) turşusu
"Beloruskiy Kray" (82.5% yağlılıqda təbii kərə yağı)
İstehsal və son istifadə tarixi: 05.03.2025 - 05.03.2026
Aşkarlanan maddələr: Kampesterin, Beta-sitosterin
Mütəxəssislər bildirir ki, Sorbin və Benzoy turşularının həddindən artıq istehlakı allergik reaksiyalara səbəb ola bilər. Bundan əlavə, bitki yağlarının kərə yağı adı altında satılması insan orqanizminə zərər vura bilər.
Rəsmi qurumlar bu məhsulların dövriyyədən çıxarıldığını və ticarət şəbəkələrindən geri çağırıldığını elan etsə də, istehlakçılar da diqqətli olmalıdır. /BX LiveBLOG/