ABŞ prezidentinin xüsusi nümayəndəsi Keith Kellogg Rusiya prezidenti Vladimir Putinin elan etdiyi “üç günlük atəşkəs” təklifini tənqid edib və onu “absurd” adlandırıb. Bu barədə o, Fox News telekanalına müsahibəsində bildirib.
“Üç günlük atəşkəs absurddur. Əgər bu məsələyə ciddi yanaşırıqsa, o zaman dənizdə, havada, quruda və infrastruktur sahələrində ən azı 30 günlük hərtərəfli atəşkəsə ehtiyac var. Daha sonra bu müddət uzadıla bilər,” – deyə Kellogg qeyd edib.
Onun sözlərinə görə, ABŞ Ukrayna ilə bağlı vəziyyətdə “özünü olduqca yaxşı vəziyyətdə” hesab edir və real sülh üçün addımların qarşı tərəfdən – yəni Rusiyadan – asılı olduğunu vurğulayıb.
Bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin 8-11 may tarixlərini əhatə edəcək atəşkəs təklifini irəli sürüb. Təklifə əsasən, atəşkəs mayın 8-də gecə yarısından başlayacaq və mayın 11-də başa çatacaq. Rusiya bu təşəbbüsü ölkədə Qələbə Günü münasibətilə irəli sürdüyünü bildirib.
İtaliyanın baş naziri Giorgia Meloni isə Putinin təklifini qeyri-kafi hesab edərək, ədalətli və davamlı sülhün zəruriliyini bəyan edib.
Britaniya kəşfiyyatının qiymətləndirməsinə görə, üç günlük atəşkəs təklifi Kreml tərəfindən Ukraynanın uzaqmənzilli zərbələrinin qarşısını almaq və cəbhədəki vəziyyətini stabilləşdirmək məqsədilə irəli sürülüb.