Kanadada qonşularla deyil, prinsiplərlə münasibət qurulan bir dövr başlayır

Kanada yeni bir siyasi dövrə qədəm qoyur. Liberal Partiyanın seçkilərdə qalib gəlməsindən sonra baş nazir postuna keçən Mark Karni ilk çıxışında dramatik və bir o qədər də real mesaj verib: "ABŞ ilə köhnə münasibət bitdi."

167 dairədə liderlik edən və ya seçilən Liberal Partiya, 145 mandat qazanan Mühafizəkarlarla yaxın fərqlə öndədir. Bu, tam çoxluq olmasa da, hökuməti formalaşdırmaq üçün kifayət edən siyasi imkanlar deməkdir.

Mark Karninin Reuters tərəfindən yayımlanan çıxışı həm ölkə daxilində, həm də beynəlxalq aləmdə rezonans doğurdu. O bildirdi ki, ABŞ-la dərin inteqrasiyaya əsaslanan əvvəlki münasibətlər artıq keçmişdə qalıb: “ABŞ-da əsası qoyulan açıq dünya ticarət sistemi hansı ki, İkinci Dünya Müharibəsindən bəri Kanadanın dayağı olub, bu sona çatdı. Bu sistem, hər nə qədər qüsurlu olsa da, rifahımıza onillərlə xidmət etmişdi. İndi isə bu bir tarixdir.”

Karni bu yeni dövrü “faciə” adlandırsa da, “bu, bizim yeni reallığımızdır” deyərək xalqı reallığı qəbul etməyə və qarşıda duran çətinliklərə hazır olmağa çağırdı.

Bir neçə ay öncə Mühafizəkarlar seçkilərdə açıq favorit idilər. Lakin keçmiş baş nazir Castin Trüdonun istefası və Donald Trampın qalmaqallı çıxışları vəziyyəti kökündən dəyişdi. Tramp seçki günü "Kanada 51-ci ştat olmalıdır" deməklə Kanadalıların suverenlik hissini alçaltdı və əks reaksiyaya səbəb oldu.

Nəticədə seçicilər arasında milli birləşmə ruhu gücləndi və bu, liberal qüvvələrin seçkilərdə irəliləməsinə səbəb oldu.

Mark Karninin dediyi kimi, qarşıdakı aylar çətin olacaq. Kanada artıq ABŞ-ın iqtisadi və siyasi orbitindən çıxmağa çalışacaq. Bu, yeni ticarət tərəfdaşları tapmağı, müdafiə və enerji sahəsində daha müstəqil qərarlar qəbul etməyi tələb edəcək. Hökumət digər siyasi qüvvələrlə əməkdaşlıq etməli olacaq.

Bu həm də dünya nizamının dəyişdiyinin açıq sübutudur. Qonşularla deyil, prinsiplərlə münasibət qurulan bir dövr başlayır. Kanada öz suverenliyini və ideallarını qorumaq üçün yeni strategiyalar hazırlayır.