2016-cı ildə İtaliyada vəhşicəsinə baş verən bir cinayətin detallarını əhatə edən istintaq nəhayət yekunlaşıb.
"Bizimxeber" “The Mirror” nəşrinə istinadən bildirir ki, iş qadını Mariya Çindamono Kalabriya mafiyası tərəfindən amansız şəkildə qətlə yetirilib. Onun həyatına son qoyan səbəb isə sadəcə bir qadının müstəqil şəkildə biznesini idarə etmək cəhdi olub.
Prokurorluğun açıqlamalarına görə, bu qətldə "Ndrangheta" mafiyasının 81-dən çox üzvünün əli olduğu müəyyən edilib. İstintaq zamanı ortaya çıxan təfərrüatlar insanı dəhşətə gətirib. Mariya balta ilə öldürülüb, traktorla bədəni hissələrə ayrılıb və nəhayət, qalıqları donuzlara yedizdirilib. Bu, yalnız bir qətl deyil, bu, bir mesajdır: mafiya qadının iqtisadi və sosial müstəqilliyini qəbul etmir.
Cinayətin motivi isə daha da düşündürücüdür. Mariya ərinin ölümündən sonra ailə biznesini öz adı ilə idarə etməyə başlayıb. Bundan əlavə, sosial şəbəkələrdə yeni partnyoru ilə paylaşdığı şəkillər onun şəxsi həyatında da azad seçimlər etdiyini göstərib. Bu azadlıq mafiyanı qəzəbləndirib və Mariyanın həyatına başa gəlib. Qətl, qadının paylaşımından cəmi üç gün sonra törədilib.