Jurnalist araşdırmaları İsveçrənin Rail Bank-ının Mərkəzi Asiya ölkələrinin sabiq liderlərinin ailələri üçün çirkli pulların yuyulmasında vasitəçi rolunu ifşa edib.
İsveçrənin nüfuzlu Rail Bank-ı Özbəkistan və Qazaxıstanın keçmiş prezidentlərinin ailə üzvləri üçün böyük məbləğdə vəsaitin yuyulmasında şübhəli bilinir. Bu barədə OCCRP (Organized Crime and Corruption Reporting Project) və Fransanın Le Monde qəzetinin araşdırmaçı jurnalistləri məlumat yayıb.
Araşdırma zamanı əldə olunan sənədlər və İsveçrə Maliyyə Bazarlarına Nəzarət İdarəsi (FINMA) ilə Rail Bank arasında yazışmalar bankın ciddi maliyyə pozuntularına yol verdiyini ortaya çıxarıb.
Rail Bank, özünü "məsuliyyətli və etibarlı maliyyə qurumu" kimi təqdim etsə də, araşdırmalar göstərib ki, bankın müştəriləri sırasında Mərkəzi Asiyanın avtoritar liderlərinin ailə üzvləri yer alır. Bu şəxslərdən biri də Özbəkistanın mərhum prezidenti İslam Kərimovun kürəkəni Timur Tillayev olub.
FINMA 2023-cü ildə bankda apardığı yoxlamalar zamanı çirkli pulların yuyulması riski ilə bağlı ciddi boşluqların mövcud olduğunu müəyyən edib. Qurum bildirir ki, Rail Bank bu riskləri vaxtında qiymətləndirmək və qarşısını almaq üçün zəruri tədbirlər görməyib.
Araşdırmalara əsasən, Timur Tillayevə məxsus Liobel Limited Inc. adlı şirkət 2020-ci ildən etibarən Rail Bank-ın müştərisidir. 2023-cü ilin dekabrına olan məlumata görə, Tillayevin bank hesablarından birində 83 milyon İsveçrə frankı (təxminən 97 milyon ABŞ dolları) mövcud olub.
Bundan sonra FINMA 2024-cü ilin yanvarında bankdan Tillayevin hesabları və "Özbəkistanla əlaqəsi olan" bütün müştərilər haqqında məlumat təqdim etməsini tələb edib.
Tillayevin həyat yoldaşı, İslam Kərimovun kiçik qızı Lola Kərimova İsveçrədə dəbdəbəli həyat tərzi ilə tanınır. 2013-cü ildə BBC-yə verdiyi müsahibədə o, Cenevrəyə köçdüyünü açıqlamışdı. Onun bacısı, keçmiş prezidentin digər qızı Gülnarə Kərimova isə illərdir korrupsiya və çirkli pulların yuyulması ilə bağlı beynəlxalq istintaqlarda əsas fiqurlardan biri kimi tanınır.
FINMA-nın daha əvvəlki sənədlərində qeyd edilir ki, Rail Bank Kərimova və Tillayev ailəsinin aktivlərinə görə “xüsusilə yüksək risk” daşıyır. Məhz bu səbəbdən 2012-ci ildə Fidurhone adlı maliyyə şirkətinə bu müştərilərlə əlaqələri kəsməsi barədə xəbərdarlıq edilmişdi. 2014-cü ildə isə bu əlaqələrin formal olaraq dayandırılması tələb olunmuşdu.
Hazırda Rail Bank-ın lisenziyası ilə bağlı konkret qərar verilməyib. Lakin İsveçrə tənzimləyici orqanları bu cür hallarda lisenziyaların ləğvi, bankirlərə fəaliyyət qadağası və vəsaitlərin müsadirəsi kimi səlahiyyətlərə malikdir.
Timur Tillayev isə jurnalistlərin sorğularına cavab verməkdən imtina edib. Bu qalmaqal bir daha göstərir ki, dünya maliyyə sistemində çirkli pulların yuyulması halları hələ də ciddi şəkildə davam edir və bu prosesə inkişaf etmiş ölkələrin nüfuzlu bankları da zaman-zaman cəlb olunurlar.