İstanbulun tarixi ürəyi Ayasofya yenidən restavrasiya olunur. Əsrlər boyunca kilsədən məscidə, muzeydən yenidən məscidə çevrilən bu möhtəşəm tikili indi daha böyük bir təhlükəyə – zəlzələlərə qarşı müqavimət üçün “qlobal” təmirə bağlanır.
1488 illik abidənin günbəzini və divarlarını əhatə edən cari təmir işlərinin məqsədi təkcə onun estetik görünüşünü bərpa etmək deyil. Əsas hədəf İstanbulun seysmik riski yüksək olan ərazisində yerləşən bu tikilini gələcəkdə baş verə biləcək böyük zəlzələlərə qarşı möhkəmləndirməkdir.
Ayasofyanın memarlıq tarixini və bənzərsizliyini vurğulayan restavrasiya üzrə professor Hasan Fırat Diker bu mərhələni “qlobal restavrasiya” adlandırır. Onun sözlərinə görə, bu, binanın günbəzi, divarları və minarələri də daxil olmaqla ilk dəfə bu miqyasda aparılan təmir işidir.
537-ci ildə tikilib, Bizans dövrünün memarlıq möcüzəsi kimi tanınan Ayasofya zaman-zaman zəlzələlərdən zərər görüb. 558-ci ildə baş verən güclü zəlzələ günbəzin dağılmasına səbəb olmuşdu. 1999-cu il zəlzələsi və sonrakı titrəyişlər də abidəyə təsir edib.
Təmirə rəhbərlik edən elmi komitənin üzvü Ahmet Güleç deyir ki, görülən işlərin əsas məqsədi “Ayasofyaya növbəti böyük zəlzələdən ən az zərərlə çıxmaq imkanı yaratmaqdır”. Hal-hazırda günbəzin gücləndirilməsi üçün müxtəlif texnologiyalar və üsullar tədqiq olunur.
Təmirə baxmayaraq, Ayasofya ziyarətçilər üçün açıq qalacaq. Günbəzin bərpası zamanı interyerə dörd nəhəng müvəqqəti sütun yerləşdiriləcək, lakin bu strukturun turist axınına mane olmayacağı gözlənilir.
Keçən il 7,7 milyon insan bu abidəni ziyarət edib. Onların 2,1 milyonu xarici turistlərdir və 25 avro giriş haqqı ilə əldə olunan gəlir ölkənin turizm büdcəsinə milyonlarla avro qazandırıb.
Təmirin dəqiq maliyyəti açıqlanmasa da, rəsmilər işlərin bir neçə il davam edəcəyini, amma ziyarət və ibadətin fasiləsiz davam etdiriləcəyini bildirirlər. Turistlər, o cümlədən Meksikadan gələn Ana Delgado və Dominikan Respublikasından olan Elias Erdurana binanın daxilindəki gözəlliyə heyran qaldıqlarını deyirlər.