/BX LiveBLOG/
Cənubi Koreyanın sularında “Crystal Asia” yük gəmisində yanğın baş verib. Hadisə zamanı göyərtədə olan 23 rusiyalı ekipaj üzvündən 6-sı yaralanıb. İlkin məlumatlara görə, yanğının səbəbi mühərrikdə yaranan texniki nasazlıq olub.
Yanğın, əsasən, tez xarab olan malları daşıyan soyuducu bölmədə baş verib. Hadisə zamanı gəmi Busan şəhərinin Qamçeon limanından 8 kilometr aralıda olub. Yardım üçün öncə dəniz polisinin patrul gəmisi, daha sonra isə dəniz xilasetmə qrupu hadisə yerinə cəlb edilib. Yanğın söndürülüb və bütün heyət üzvləri xilas edilib. Lakin xəsarət alan 6 dənizçi xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, bu hadisədən əvvəl Böyük Britaniya sahillərində, Şimal dənizində tanker və yük gəmisinin toqquşması barədə məlumat yayılmışdı. Şərqi Yorkşir sahillərində baş verən insident nəticəsində tankerdə böyük yanğın qeydə alınıb. Hadisə yerinə xüsusi təyyarələr və yanğınsöndürən gəmilər göndərilib.