İsrail Qreta Tunberqi və Qəzzaya gedən fəalları ölkədən çıxarır

İsrail hakimiyyəti məşhur isveçli ətraf mühit fəalı Qreta Tunberq də daxil olmaqla, Qəzza zolağının dəniz blokadasını yarmağa çalışan fəalları deportasiya etmək qərarına gəlib.

"Bizimxeber" bildirir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyi rəsmi məlumat yayıb.

Verilən açıqlamaya görə, fəallar İsrailin Ben Qurion hava limanına aparılıb və yaxın saatlarda gəldikləri ölkələrə göndəriləcəklər. Qeyd olunub ki, fəalların içərisində olduğu yaxta bir neçə gün əvvəl İsrailin Aşdod limanına gətirilib. Hazırda həmin gəmidə olan sərnişinlərin sağlamlıq vəziyyəti həkimlər tərəfindən qiymətləndirilir.

İsrail Xarici İşlər Nazirliyinin məlumatına əsasən, deportasiya sənədlərini könüllü şəkildə imzalamaqdan imtina edən şəxslər barəsində məcburi deportasiya qərarının çıxarılması üçün məsələ məhkəməyə təqdim olunacaq.

Artıq hava limanında bir sıra ölkələrin konsulluq nümayəndələri fəallarla görüşüb və vəziyyətlə bağlı ilkin hüquqi yardımlar göstərilib.